ABŞ Konqresinin yuxarı palatasının – Senatın Respublikaçılar Partiyasından olan üzvü Lindsi Qrem avqustun 19-da bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin yaxın həftələrdə ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşməkdən imtina etsə, dövlət başçısı Donald Tramp Rusiya iqtisadiyyatını yeni sanksiyalar dalğası ilə “əzib keçməyə” hazırdır.
Senator Lindsi Qrem bir müddətdir prezidentin həm Respublikaçılar Partiyasının, həm də Demokratlar Partiyasının dəstəklədiyi sərt sanksiyalar paketinə yaşıl işıq yandırmasını istəyir. Qanun layihəsi Rusiyadan neft, qaz, uran və başqa strateji məhsullar alan ölkələrə yüksək rüsumlar tətbiqini nəzərdə tutur. Təşəbbüsün arxasında 100 senatorun 85-i dayanır. Donald Tramp hələ də layihəyə açıq dəstək verməyib, respublikaçılar isə onun razılığı olmadan məsələyə baxmayacaqlarını bildirirlər.
Novator.az-ın məlumatına görə, “Assoşieyted Press” agentliyinə müsahibə verən Lindsi Qrem deyib ki, sentyabrda, senatorlar tətildən qayıdanda işlər doğru istiqamətdə getməsə, B planına keçmək gərəkdir. Avqustun 19-da prezidentlə danışdığını vurğulayan senator deyib: “Tramp hesab edir ki, Putin öhdəsinə düşəni etməsə, o zaman Rusiyanın iqtisadiyyatını çökdürməli olacaq. Putinin sülhə meyil göstərmədiyi aydın olsa, prezident Tramp sözlərini əmələ çevirmək zorunda qalacaq. Bunun da ən doğru yolu Konqresin xeyir-duası ilə hərəkət etməkdir”.
Müştərək sanksiya layihəsinin müəlliflərindən biri – demokrat senator Riçard Blummental Ağ evdəki son görüşlərdən sonra “şübhə üçün kifayət qədər səbəb” qaldığını deyib. Onun sözlərinə görə, Putin hələ də birbaşa öhdəlik götürməyib, əksinə, Trampı aldatmağa çalışa bilər: “Putini masaya gətirməyin yeganə yolu güc göstərməkdir. O, yalnız təzyiq və zor dilini anlayır”.
Sanksiya layihəsi qəbul olunsa, ABŞ Çin və Hindistana 500 faizlik gömrük rüsumu tətbiq edə bilər. Rusiyanın neft-qaz sektoru üzrə ixracının təqribən 70 faizi bu iki ölkəyə yönəlib.
2014-cü ilin fevralında Ukraynada Qərbə bağlı qüvvələr inqilab dalğasında hakimiyyətə gəlib. Rusiya dərhal ölkənin Krım yarımadasını zəbt edərək martın 18-də özünə birləşdirib, ardınca Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-də Rusiya total hərbi əməliyyatlara başlayıb, oktyabrın 5-də Donetsk və Luqansk bölgələrini, eləcə də Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
İşğalçı savaş başqa bölgələri də əhatə edib, ölkənin hər yanına dağıdıcı hücumlarla müşayiət olunur.
2017-2021-ci illərdə ABŞ-a prezidentlik eləmiş respublikaçı Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır. Seçkidən öncə onun əsas vədlərindən biri Ukrayna müharibəsinin dayandırılması olub. Donald Tramp 2025-ci ildə rusiyalı həmkarı Vladimir Putinlə çox telefon danışığı aparsa da, onu atəşkəsə razı sala bilməyib.
Avqustun 15-də ABŞ və Rusiya prezidentləri Alyaska ştatının Ankoric şəhərində bir araya gəliblər, ancaq yenə də savaşı dayandırmaq mümkün olmayıb.
Avqustun 18-i Donald Tramp Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb, sonra onlar geniş formatda – NATO-nun baş katibi, Avropa Komissiyasının sədri, Fransa, Finlandiya prezidentləri, Böyük Britaniya, İtaliya baş nazirləri, Almaniya kanslerinin iştirakı ilə bir araya gəliblər. Ağ evdəki çoxtərəfli görüşün fasiləsində Donald Tramp Vladimir Putinə zəng vuraraq onu Vladimir Zelenski ilə danışıq aparmağa razı salıb.
Mənbə: Apnews.com