Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşə razılıq verib. Məlumat avqustun 18-i Vaşinqtonda keçirilən Ukrayna zirvəsindən sonra yayılıb. Həmin gün Vladimir Zelenski Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşüb, sonra onlar geniş formatda – NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) baş katibi, Avropa Komissiyasının sədri, Fransa, Finlandiya prezidentləri, Böyük Britaniya, İtaliya baş nazirləri, Almaniya kanslerinin iştirakı ilə bir araya gəliblər. Novator.az bildirir ki, Ukrayna fəlakətindən çıxış yollarının arandığı çoxtərəfli görüşün fasiləsində Donald Tramp Vladimir Putinə zəng vuraraq onu Vladimir Zelenski ilə danışıq aparmağa razı salıb. İlkin xəbərə görə, Vladimir Putin Ukrayna prezidenti ilə həm təkbətək, həm də Donald Trampla birgə görüşməyi təklif edib.
2014-cü ilin fevralında Ukraynada Qərbə bağlı, ölkənin Avropa İttifaqına və NATO-ya üzvlüyünü istəyən qüvvələr inqilab dalğasında hakimiyyətə gəlib. Rusiya dərhal ölkənin Krım yarımadasını zəbt edərək martın 18-də özünə birləşdirib, ardınca Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-də Rusiya total hərbi əməliyyatlara başlayıb, oktyabrın 5-də Donetsk və Luqansk bölgələrini, eləcə də Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
İşğalçı savaş başqa bölgələri, o cümlədən Xarkov, Sumı, Dneprepetrovsk vilayətlərini əhatə edib, ölkənin hər yanına dağıdıcı silahlarla hücumlarla müşayiət olunur.
Kreml müharibəni dayandırmaq çağırışları qarşısında Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiya ərazisi kimi tanınması tələbi ilə çıxış edib. Rusiyanın başqa bir şərti Ukraynanın heç bir vaxt NATO üzvü olmayacağına zəmanət verilməsidir.
2017-2021-ci illərdə ABŞ-a prezidentlik eləmiş Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır. Seçkidən öncə onun əsas vədlərindən biri Ukrayna müharibəsinin dayandırılması olub. Donald Tramp 2025-ci ildə rusiyalı həmkarı Vladimir Putinlə çox telefon danışığı aparsa da, onu atəşkəsə razı sala bilməyib.
Avqustun 15-də ABŞ və Rusiya prezidentləri Alyaska ştatının Ankoric şəhərində bir araya gəliblər, ancaq yenə də savaşı dayandırmaq mümkün olmayıb. İddialara əsasən, Vladimir Putin 15 avqust görüşündə Ukrayna hərbçilərinin Donetsk və Luqansk vilayətlərindən tam çəkilməsi tələbi qoyub, əvəzində Rusiya silahlı qüvvələrinin Xarkov, Sumı, Dneprepetrovsk vilayətlərindən çəkilməsinə boyun olub, cəbhə xəttinin Zaporojye və Xerson istiqamətlərində indiki durumun qalmasını istəyib.
Ukrayna 2022-ci il iyunun 23-dən Avropa İttifaqı üzvlüyünə namizəddir, bu quruma, həmçinin NATO-ya inteqrasiya mövqeyində dayanır.
Avropa İttifaqında 27 ölkə, o cümlədən Almaniya, Fransa, Finlandiya, İtaliya təmsil olunur.
Hərbi-siyasi ittifaq olan NATO-ya 32 ölkə, o cümlədən ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Finlandiya, İtaliya daxilıdir.
Mənbə: Reuters.com