2022-ci il fevralın 24-dən Ukraynada total işğalçı müharibə aparan Rusiyanın İrandan silah-sursat aldığını təsdiqləyən yeni sübutlar ortaya çıxıb. Novator.az-ın məlumatına görə, “Meduza” nəşrinin dərc etdiyi araşdırmada qeyd olunur ki, İran 2024-cü ilin cəmi bir ayı ərzində Rusiyaya haradasa 4 min tondan çox silah-sursat göndərib. Nəşr qlobal təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış “C4ADS” qeyri-kommersiya təşkilatının əldə etdiyi daşınma məlumatlarını təhlil etməklə bu qənaətə gəlib.
Məlumatlar 1-28 noyabr 2024-cü ilə aid dəmiryol daşımalarını əhatə edir. Sənədlərə əsasən, həmin müddətdə Rusiya Dəmir Yolları Həştərxan vilayətinin Olya limanından Ukrayna sərhədinə yaxın iki hərbi obyektə 4,61 min ton “partlayıcı maddə” daşıyıb. Analitiklər bildirir ki, Rusiyada İran və Şimali Koreyadan alınan silah-sursat sənədlərdə çox vaxt “partlayıcı maddə” kimi rəsmiləşir.
“Meduza” yazır ki, 10 noyabr 2024-cü ildə Olya limanından “partlayıcı maddə” yüklənmiş bir qatar yola düşüb. Elə həmin gün oraya Rusiyanın “Port Olya-1” yük gəmisi yan alıb. Araşdırıcılar dəniz daşımalarında onlayn izləmə platforması olan “Windward”ın məlumatlarını da analiz edəndə görüblər ki, “Port Olya-1” gəmisi mütəmadi olaraq İranın Xəzər sahilindəki Əmirabad və Firudin-Kənar limanlarına reys edir.
Peyk şəkillərində gəmidən sahilə doğru uzanan konteyner zənciri görünür. “Conflict İntelligence Team” (CIT) layihəsinin rəhbəri Ruslan Leviyevin fikrincə, bu konteynerləri limandakı dəmiryoluna məhz “Port Olya-1” boşaldıb.
Olya limanı Rusiya ilə İran arasındakı ticarətdə əsas tranzit qovşağıdır. Buradan ərzaq və “Bloomberg” nəşrinin yazdığı kimi, silah daşınır. Məlumata görə, Rusiyaya İran silahlarının dörddə birindən çoxunu neft maqnatı Hüseyn Şamxani (ali rəhbər Əli Xamneyinin müşaviri Əli Şamxaninin oğlu) göndərir.
Olya limanının nəzarət paketi adı 2024-cü ildə ABŞ sanksiyalarına düşən sahibkara məxsusdur. ABŞ-ın Maliyyə Nazirliyi bildirib ki, sahibkarın şirkətləri 2021-ci ildən 200-dən çox hərbi yük daşınması müqaviləsi bağlayıb və İrandan gələn silahların Rusiyanın müdafiə sənayesinə, xüsusilə də “Alabuğa” xüsusi iqtisadi zonasındakı PUA zavoduna çatdırılmasında əsas rol oynayıb. Həmin sahibkarın şirkəti ilə əlaqəli “MG-Flot”a məxsus digər gəmilər – “Port Olya-2”, “Port Olya-3” (İranın qısa mənzilli “Fəth-360” raketlərini daşıdığı məlum olub) və “Port Olya-4” də eyni məqsədlə istifadə olunub.
Araşdırmaya görə, Olyadan çıxan konteynerlər Volqoqrad vilayətindəki Kotluban və Şimali Osetiyadakı Lukovski dəmiryolu stansiyalarına daşınıb. Burada Rusiya Müdafiə Nazirliyinin 1060-cı Maddi-Texniki Təminat Mərkəzinə tabe olan iri sursat anbarları yerləşir. Peyk təsvirlərindən göründüyü kimi, 2024-cü ilin noyabrından Kotluban anbarında konteynerlərin sayı artıb.
Kiyev İqtisad Məktəbi analitiklərinin hesabatına görə, Kotlubana gətirilən bütün sursatların 17 faizə qədəri İrana məxsusdur. Buraya Şimali Koreyadan gətirilən silahlar da yerləşdirilir.
Hesablamalara görə, 2023-cü ildə Rusiyaya gətirilən “partlayıcı maddələr” 150 min ton idisə, 2024-cü ildə bu rəqəm 260 min tona çatıb. Xəzərdə Olya limanı ilə gətirilən yükün həcmi isə ildə təxminən 13 min tondur.
Leviyevin sözlərinə görə, gətirilən silah-sursatı dəqiq hesablamaq çətindir, çünki konteynerlərdə müxtəlif kalibrli mərmilər, minaatanlar və “Qrad” sistemləri üçün raketlər qarışıq şəkildə olur. Ancaq görünən odur ki, sursatlar birbaşa İran zavodlarından gətirilir.
İrandan Rusiyaya hərbi təchizat barədə ilk məlumat 2023-cü ilin aprelində üzə çıxmışdı. Hələ vaxt ABŞ-ın “Wall Street Journal” qəzeti yazmışdı ki, dəniz yolu ilə 1 milyon vahid sursat daşınıb. Sentyabrda isə Sergey Şoyqu (o vaxt Rusiyanın müdafiə naziri olub, hazırda Təhlükəsizlik Şurasının katibidir – Novator.az) Tehrana səfər edərək ballistik raketlərin, o cümlədən “Fəth-360”ların alınmasını müzakirə etmişdi. Müqavilə dekabr ayında imzalanmışdı. Lakin hələ də bu raketlərin Ukrayna cəbhəsində istifadəsinə dair sübut yoxdur.
Araşdırmada o da bildirilir ki, Ukrayna hərbçiləri dəfələrlə İran silahlarının daşındığı marşrutlara zərbələr endirib. Məsələn, 2025-ci il aprelin 18-də Olya limanı PUA atəşinə tutulub, avqustun 15-də isə “Port Olya-4” gəmisi vurulub.
2024-cü ilin mayında Kotlubana gedən sursat qatarının dron zərbəsi nəticəsində relsdən çıxdığı, 2023-cü ilin noyabrında Kotlubanda sursat qatarının partladığı barədə xəbərlərin yayıldığı da vurğulanır.
Araşdırmada Rusiya və İranın rəsmi mövqeyinə də toxunulur. Qeyd olunur ki, 2025-ci ilin yanvarında Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla strateji tərəfdaşlıq müqaviləsi imzalayıb, amma hər iki tərəf hələ də silah tədarükünü inkar edir. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani İranın Rusiyanı silahlandırması barədə xəbərləri Qərbin Ukraynaya silah göndərməsini əsaslandırmaq üçün quraşdırdığı uydurma adlandırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da belə iddiaların cəfəngiyat olduğunu söyləyib.
Mənbə: Meduza.io