Rəsmi hesabata görə, Azərbaycan 2025-ci ilin yanvar-iyul aylarında 169 ölkə ilə ticarət əməliyyatı aparıb, ixrac 15,2 milyard dolları, idxal 13,6 milyard dolları ötüb. Dövlət Gömrük Komitəsi bildirir ki, ixracın 13,1 milyard dolları neft-qaz sektorunun payına düşüb. Qeyri-neft/qaz ixracında ilk beşlikdə meyvə-tərəvəz (506,4 milyon dollar), plastmas və ondan hazırlanan məmulatlar (222,4 milyon dollar), kimya sənayesi məhsulları (194 milyon dollar), alüminium və ondan hazırlanan məmulatlar (118,5 milyon dollar), pambıq lifi (109,7 milyon dollar) yer alır.
İdxalın ilk beşliyi belə rəsmiləşib: maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri – 2 milyard 2,4 milyon dollar, nəqliyyat vasitələri və onların hissələri – 1,48 milyard dollar, yeyinti məhsulları – 1,47 milyard dollar, qara metallar və onlardan hazırlanan məmulatlar – 627,7 milyon dollar, plastmas və onlardan hazırlanan məmulatlar – 333,3 milyon dollar.
Statistikaya əsasən, ixracın 6,8 faizi MDB ölkələrinə, 70,4 faizi Avropa İttifaqı ölkələrinə, 22,8 faizi başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 26,2 faiz, Avropa İttifaqının payı 12,4 faiz, başqa ölkələrin payı 61,4 faiz olub, ticarət dövriyyəsində və ixracda əsas tərəfdaş qismində İtaliya, idxalda əsas tərəfdaş kimi Çin qərar tutub.
Qonşu ölkələrlə ticarət göstəriciləri belə olub: Türkiyə – 2 milyard 9 milyon dollar ixrac, 1,3 milyard dollar idxal, Rusiya – 721,1 milyon dollar ixrac, 2,3 milyard dollar idxal, Gürcüstan – 382,6 milyon dollar ixrac, 82,6 milyon dollar idxal, Qazaxıstan – 60,04 milyon dollar ixrac, 457,1 milyon dollar idxal, Türkmənistan – 37,2 milyon dollar ixrac, 116,7 milyon dollar idxal, İran – 6,8 milyon dollar ixrac, 346,5 milyon dollar idxal.