“Baltika” pivə şirkəti Danimarkadan Rusiya prezidenti Vladimir Putinin dostu, oliqarx Gennadi Timçenkonun şirkətinin pulları ilə alınıb. Novator.az xəbər verir ki, bunu Korrupsiya ilə Mübarizə Fondu üzə çıxarıb.
Fondun araşdırmasına görə, eyni şirkət Putinlə gimnast Alina Kabayevanın iddia olunan oğullarının müəllimlərinə də maaş ödəyir.
Danimarkanın “Carlsberg Group” holdinqi “Baltika”nın səhmlərini 2024-cü ilin dekabrında satıb. 34 milyard rublluq alqı-satqı nəticəsində “Baltika”nın səhmlərinin 98,65%-i “VG İnvest” MMC-yə keçib.
Bu sövdələşmə ilə əlaqəli bank əməliyyatlarını araşdıran Korrupsiya ilə Mübarizə Fondu bildirir ki, “VG İnvest” MMC 2024-cü ilin avqust ayında yaradılıb və “Baltika”nın səhmlərini alana qədər heç bir fəaliyyət göstərməyib. Dekabrın 3-də, “Baltika” şirkətinin satışı haqda ictimaiyyətə məlumat açıqlanan gün isə “VG İnvest”in hesabına “Rosselxozbank”dan 34 milyard rubl məbləğində kredit köçürülüb. Elə həmin gün “VG İnvest” bu məbləği “Baltika”nın alınması üçün xarici banka transfer edib. Dekabrın 25-də isə “VG İnvest”in hesabına “Novaya Sistema” Səhmdar Cəmiyyətindən 34 milyard rubl daxil olub. “VG İnvest” bu vəsaiti kreditin ödənişi kimi “Rosselxozbank”a verib.
Fondun aşkar etdiyinə görə, “Novaya Sistema” Sankt-Peterburqda qeydiyyatdan keçib, heç bir biznes fəaliyyəti aparmır, cəmi bir işçisi var. Bank çıxarışları göstərib ki, “Novaya Sistema” “VG İnvest”ə 34 milyard rublu göndərməzdən iki dəqiqə əvvəl məbləği faizsiz borc kimi “Ena İnvest” MMC-dən alıbmış.
“Ena İnvest” də Sankt-Peterburq şirkətidir. Onun səhmlərinin hamısı Gennadi Timçenkodadır. Timçenko şirkəti 2017-ci ildə yaradıb.
Beləliklə, Korrupsiya ilə Mübarizə Fondu “Baltika”nın alınmasını əslində Timçenkonun maliyyələşdirdiyini vurğulayır.
Fondun araşdırmasında “Ena İnvest” Səhmdar Cəmiyyəti “Putinin ümumi fondu” kimi xarakterizə edilir və bildirilir ki, Putinin və onun ailə üzvlərinin maddi xərcləri də bu qurum vasitəsilə ödənir.
2023-cü ildə “Ena İnvest” Alina Kabayevanın fonduna 500 milyon rubl köçürüb. Kabayeva barədə iddialara görə, o, Putinlə yaxın münasibətdədir və prezidentin kiçik uşaqlarının anasıdır.
2023-ə “Ena İnvest” “Mənim Tibb Mərkəzim” adlı şirkətə də 450 milyon rubl ayırıb. Mərkəzin sahiblərinin Putinin böyük qızı Mariya Vorontsova ilə əlaqəli olduğu iddia edilir.
Mariya Vladimir Putinin Lüdmila Aleksandrovna ilə evlilikdən olan qızıdır. Vladimir Putinlə Lüdmila Aleksandrovna 30 ildən çox evli olublar. Onlar ayrılmaq qərarına gəldiklərini ictimaiyyətə 2013-cü ildə elan ediblər. Kremlin yaydığı məlumata görə, boşanma 2014-cü ildə rəsmiləşib.
Korrupsiya ilə Mübarizə Fondunun araşdırmasında deyilir ki, “Ena İnvest”də iki nəfər işləyir – Bosniyadan Sofiya Bojiç və Almaniyadan İren Ens. Onlar alman dili müəllimələridir.
Fondun araşdırmasında Sofiya Bojiçlə İren Ensi Putinlə Kabayevanın iddia olunan oğullarının “fərdi müəllimləri” adlandırılır.
Qeyd olunur ki, Bojiç və Ens mütəmadi olaraq qatarla Uqlovka və Okulovka stansiyalarına gedirlər. Bu məntəqələr Putinin Valdaydakı iqamətgahına ən yaxın dəmiryolu stansiyalarıdır. Bojiçin yaxın vaxtlara qədər Kabayevanın yaxın qohumu Olesya Fedinaya məxsus şirkətdə işlədiyi bildirilir. Üstəlik, Ens üçün aviabiletləri Olesyanın bacısı Yekaterina Qolovaçeva alır. Yaydan bəri Bojiç və Ens “Ena İnvest”dən ayda 2,9 milyon rubl maaş alırlar.
Ukraynada total hərbi əməliyyatlar başlanandan sonra “Carlsberg Group” Rusiya bazarını tərk edəcəyini və “Baltika” şirkətini satacağını açıqlayıb. 2023-cü ilin iyununda holdinq Rusiya biznesini satmaq barədə razılaşma imzaladığını bildirib. Lakin iyulda Vladimir Putin “Baltika”nın xarici səhmdarlarının paylarının “Rosimuşestvo”nun müvəqqəti idarəsinə verilməsi barədə fərman imzalayıb, yəni şirkət faktiki olaraq milliləşdirilib. “Carlsberg”in rəhbəri Rusiyanın onların biznesini oğurladığını bəyan edib. Bundan sonra “Baltika”nın iki top-meneceri iri məbləğdə dələduzluq ittihamı ilə tutulub. 2024-cü il dekabrın 2-də Putin fərman imzalayıb, bununla da Danimarka şirkəti “Carlsberg” Group”a məxsus keçmiş aktivləri dövlət idarəsindən müvəqqəti çıxarıb. Ertəsi gün “Carlsberg Group” “Baltika” şirkətinin səhmlərinin pivə şirkətinin iki top-menecerinə məxsus quruma satıldığını açıqlayıb.
Korrupsiya ilə Mübarizə Fondu rusiyalı müxalif lider Aleksey Navalnının yaratdığı qeyri-kommersiya qurumudur. Fonda ilk rəhbərliyi də Aleksey Navalnı özü həyata keçirib.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərlənib. 2021-ci il yanvarın 17-də Almaniyadan qayıdarkən o, Rusiya paytaxtı Moskvanın Şeremetyevo aeroportunda tutulub. Fevralın 2-də Aleksey Navalnı 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib, fevralın 20-də həbs müddəti 2 il 6 ay 2 həftəyə endirilib.
Navalnının həbsindən sonra Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyətlə və ya terrorla məşğul olan təşkilatlar siyahısına daxil edilib, Rusiya ərazisində fondun fəaliyyəti rəsmən dayandırılıb. Ardınca Aleksey Navalnıya ekstremist icmanın yaradılması və ona rəhbərlik ittihamı ilə yeni cinayət işi açılıb.
2022-ci ilin martın 22-si Aleksey Navalnıya başqa ittihamlarla yeni hökm oxunub. O, xüsusilə külli miqdarda zərər vurmaqla dələduzluqda və məhkəməni təhqir etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama əsasən, Aleksey Navalnı 2018-ci ildə toplanmış 350 milyon rubldan çox ianəni aidiyyəti üzrə xərcləməyib və məhkəmə hakimini təhqir edib.
2023-cü il avqustun 4-də məhbus siyasətçi ekstremist icma yaratmaq və ona rəhbərlikdə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 2024-cü ilin fevralında Aleksey Navalnı həbsdə keçinib. Yamalo-Nenets Muxtar Mahalındakı koloniyaların birində saxlanan məhbusun ölüm xəbəri fevralın 16-da yayılıb.
Korrupsiya ilə Mübarizə Fondu hazırda fəaliyyətini Rusiyadan kənarda davam etdirir. Fondu yaşadan şəxslərdən biri də Aleksey Navalnının Rusiyadan mühacirət etmiş xanımı Yuliya Navalnayadır.
Mənbə: Themoscowtimes.com