ABŞ-ın keçmiş vitse-prezidenti Mayk (Maykl) Pens avqustun 17-si CNN telekanalına müsahibəsində prezident Donald Trampın Ukraynada sülh yaratmaq cəhdlərini alqışlayıb. Müsahibənin icmalını “Foks Nyus” kanalının internet səhifəsi yayıb.
1959-cu il təvəllüdlü Mayk Pens Donald Trampın ilk prezidentliyi dövründə – 2017-2021-ci illərdə vitse-prezident olub. Əvvəllər Konqresin Nümayəndələr Palatasında İndiana ştatını təmsil edib, ştatın qubernatoru postunu tutub.
Novator.az bildirir ki, Donald Trampın Afrikada, Ermənistanla Azərbaycan arasında sülh razılaşmalarına nail olduğunu xatırladan Mayk Pens ABŞ prezidentinin azad dünyanın lideri kimi Ukraynanı da tək qoymadığını vurğulayıb. Ancaq o, Rusiya prezidenti Vladimir Putinin yalnız güc dilini başa düşdüyünü də qeyd edib: “Ona görə diplomatik təşəbbüslərlə paralel Rusiyaya qarşı əlavə sanksiyalar paketi də Donald Trampın əlinin altında hər an imzalanmağa hazır olmalıdır. Prezident Senatla əlaqəyə girib həmin paketin təcili qəbul olunmasını istəməlidir. Diplomatik danışıqlar aparmaq olar, amma o biri yandan Putin görməlidir ki, ABŞ onun iqtisadiyyatını darmadağın etməyə qadirdir”.
Sabiq vitse-prezidentin fikrincə, bütün bunları dərhal həyata keçirmək, ləngimədən ağır sanksiyalar zərbəsini endirmək üçün “çəkici havaya qaldırmaq” lazımdır: “Rusiya Ukrayna ilə müharibəni qışa qədər uzatmaq niyyətindədir. Putinə vaxt udmaq imkanı vermək olmaz. Sanksiyalar prezidentin masasının üstündə imzalanmağa hazır olmalı, paralel şəkildə də danışıqlar getməlidir. Gerçəkdən irəliləyişə nail olmağın yeganə yolu budur”.
Vladimir Putinin Corc Buşun prezidentliyi dövründə Gürcüstana hücum çəkdiyini, Barak Obamanın prezidentliyi dövründə Ukraynanın Krım yarımadasını ilhaq etdiyini, Cozef Baydenin prezidentliyi dövründə Ukrayna ilə total müharibəyə başladığını yada salan Mayk Pens vurğulayıb: “Putin Şərqi Avropada bizim vaxtilə “şər imperiyası” adlandırdığmız Sovet İttifaqının malik olduğu təsir gücünü geri qaytarmağa çalışdığını gizlətmir. Putinin güc dilindən savayı başa düşdüyü bir dil yoxdur. Dayandıran olmasa, Putin dayanan deyil”.
Siyasətçi qeyd edib ki, ABŞ və müttəfiqləri Ukraynanın arxasında möhkəm dayanıb ədalətli və davamlı sülhə şərait yaratmalıdırlar.
2014-cü ilin fevralında Ukraynada Qərbə bağlı qüvvələr inqilab dalğasında hakimiyyətə gəlib. Rusiya dərhal ölkənin Krım yarımadasını zəbt edərək martın 18-də özünə birləşdirib, ardınca Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-də Rusiya total hərbi əməliyyatlara başlayıb, oktyabrın 5-də Donetsk və Luqansk bölgələrini, eləcə də Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
İşğalçı savaş başqa bölgələri də əhatə edib, ölkənin hər yanına havadan hücumlarla müşayiət olunur. “DeepState” monitorinq layihəsinin hesabatına görə, Ukrayna ərazisinin 114,5 min kvadrat kilometrə yaxını işğal altındadır. Ölkənin 603,7 min kvadrat kilometrə yaxın ərazisi var.
2017-2021-ci illərdə ABŞ-a prezidentlik eləmiş Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır. Seçkidən öncə onun əsas vədlərindən biri Ukrayna müharibəsinin dayandırılması olub. Donald Tramp 2025-ci ildə rusiyalı həmkarı Vladimir Putinlə çox telefon danışığı aparsa da, onu atəşkəsə razı sala bilməyib.
Avqustun 15-də ABŞ və Rusiya prezidentləri Alyaska ştatının Ankoric şəhərində bir araya gəliblər, ancaq yenə də savaşı dayandırmaq mümkün olmayıb.
Mənbə: Foxnews.com