UEFA-nın klub turnirlərinin 2025-2026 mövsümündə üç mərhələ bitib, 104 komanda mübarizəni dayandırıb. Rusiya yarışlardan kənardır, 9 ölkə, o cümlədən Moldova, Estoniya, Litva, Gürcüstan təmsilçisiz qalıb.
Son ələmə mərhələsi ərəfəsində Çempionlar Liqasında 43, Avropa Liqasında 41, Konfrans Liqasında 48 komanda var. Azərbaycanı təmsil edən “Qarabağ” Çempionlar Liqasında yer alır.
Hər üç turnirin liqa mərhələsində 36 komandanın iştirakı nəzərdə tutulur, 9-24-cü yerləri tutanlar 1/16 finala, ilk 8 pilləni tutanlar 1/8 finala çıxır.
Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 28-ci pillədədir. Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 2,125 əmsal qazanıb.
“Qarabağ” komandası əvvəllər 11 mövsüm klub turnirlərinin əsas mərhələlərində yarışıb.
2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020, 2020-2021 mövsümlərində komanda Avropa Liqasının qrup mərhələsində, 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində, 2024-2025 mövsümündə Avropa Liqasının liqa mərhələsində oynayıb.
2021-2022, 2022-2023 mövsümlərində “Qarabağ” Konfrans Liqasının 1/16 finalına, 2023-2024 mövsümündə Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.
1951-ci ildə Ağdam şəhərində yaradılan “Qarabağ” (“Məhsul”, “Şəfəq”, “Kooperator” adları da daşıyıb) 1 dəfə Azərbaycan SSR-in, 12 dəfə müstəqil Azərbaycanın çempionu olub, 8 dəfə Azərbaycan kubokunu qazanıb.