“Azərbaycan və Ermənistan liderləri ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş sülh razılaşmasından sonra Rusiya və İranın narahatlığını səngitməyə çalışırlar”. ABŞ-ın “Foks Nyus” (“Fox News”) telekanalının yaydığı materialda belə deyilir.
Avqustun 8-i Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan bir araya gəlib. ABŞ prezidenti Donald Trampın təşkil edərək qatıldığı görüşdə sülh bəyannaməsi imzalanıb. İki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.
Vaşinqtonda həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən, Ermənistandan keçən dəhlizin yaradılması razılaşdırılıb. ABŞ-ın patronajlığı ilə gerçəkləşəsi bu layihəyə “Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu” (TRİPP) adı verilib.
İlham Əliyev və Nikol Paşinyan ABŞ-a səfərləri zamanı “Foks Nyus” telekanalına müsahibə veriblər. Telekanalın saytında həmin müsahibələrdə səsləndirilən bəzi fikirlər əsasında material yayımlanıb.
Novator.az-ın məlumatına görə, materialda deyilir ki, İlham Əliyev və Nikol Paşinyan ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş, Cənubi Qafqazda otuz ildən artıq davam edən müharibə və düşmənçiliyə son qoymaq məqsədi daşıyan sülh razılaşmasını yeni dövrün başlanğıcı, region dövlətlərinin, o cümlədən Rusiya və İranın da maraqlarına xidmət edən bir nailiyyət kimi qiymətləndiriblər: “Liderlər bildiriblər ki, regional iqtisadi inteqrasiya və siyasi əməkdaşlıq vəd edən bu razılaşma heç bir üçüncü dövlətə qarşı yönəlməyib, əksinə, Moskva və Tehran üçün də strateji üstünlüklər yarada bilər”.
Prezident İlham Əliyev telekanala müsahibəsində deyib: “İstər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda yerləşən istənilən dövlətin indiki nailiyyətlə bağlı hər hansı bir mənfi fikir bildirilməsi çox çətin olar. Çünki bu gün biz sülh istiqamətində yekun addımı atdıq”.
Materialda vurğulanır ki, Azərbaycan prezidenti Zəngəzur dəhlizi (TRİPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib, qeyd edib ki, bu, yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.
Nikol Paşinyan müsahibəsində deyib ki, TRİPP İran və Rusiya üçün də real faydalar ehtiva edir: “İran Fars körfəzindən Qara dənizə qədər dəmir yolu çıxışı əldə edəcək, Rusiya ilə İran arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq”.
“Foks Nyus” bildirir ki, razılaşmanın əsasını TRİPP layihəsi təşkil edir: “Təxminən 43 kilometrlik dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Ermənistan ərazisindən keçəcək. Ermənistan ABŞ-a 99 illik icarə əsasında yol, dəmir yolu, boru kəmərləri, fiber-optik xətlər və enerji ötürmə xətləri kimi infrastruktur layihələrinin həyata keçirilməsi üçün məxsusi hüquq verib. Bu addım Vaşinqtona regionda güclü mövqe qazandırır, ənənəvi Rusiya və İran marşrutlarını kənara qoyur.
Rusiya Xarici İşlər Nazirliyi sənədi “müsbət” qiymətləndirib, Cənubi Qafqazda sabitliyə ümidini ifadə edib, eyni zamanda ABŞ-ın fəallığının prosesə mane yox, dəstək olmalı olduğunu vurğulayıb. Nazirlik bölgədəki həll yollarının Rusiya, İran və Türkiyə kimi qonşuların iştirakı ilə tapılmasının vacibliyini xatırladıb.
Tehran isə məsələyə sərt reaksiya sərgiləyib. İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizinin Trampın nəzarətində olmasına yol verilməyəcəyini bildirib: “O dəhliz Trampın muzdluları üçün qəbiristanlığa çevriləcək”. İran hərbi gücdən istifadəyə də hazır olduğunu bəyan edib.
Ermənistan daxilində də müqavimət güclüdür. Millətçilər sazişi “xəyanət” sayır. Sabiq prezident Serj Sərkisyanın sədrlik etdiyi Respublikaçılar Partiyası baş nazir Nikol Paşinyanın belə bir müqavilə imzalamaq səlahiyyətində olmadığı iddiasını irəli sürür. Partiya tam şəffaflıq və “xarici təzyiq altında güzəştlərə” son qoyulmasını tələb edir.
Paşinyan isə geri çəkilmək fikrində deyil. O hesab edir ki, saziş Ermənistanın investisiya mühitini köklü şəkildə yaxşılaşdıra, xarici kapital cəlb edə bilər. “Tənqid olacağını gözləyirik. Bu, demokratiyanın bir hissəsidir. Amma əminik ki, doğru qərar qəbul etmişik” – Ermənistanın baş naziri “Foks Nyus”a belə deyib”.
Mənbə: Foxnews.com