
Ukrayna savaşında diplomatiya – “Associated Press”
- 14 Avqust 2025
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetŞərh
ABŞ və Rusiya prezidentlərinin avqustun 15-nə təyin olunmuş görüşü dünyanın diqqətindədir. Alyaska ştatının Ankoric şəhərində bir araya gələsi Donald Trampla Vladimir Putinin Ukrayna böhranından çıxış variantlarını müzakirə edəcəkləri bəyan olunub.
2014-cü ilin fevralında Ukraynada Qərbə bağlı, ölkənin Avropa İttifaqına və NATO-ya üzvlüyünü istəyən qüvvələr inqilab dalğasında hakimiyyətə gəlib. Rusiya dərhal ölkənin Krım yarımadasını zəbt edərək martın 18-də özünə birləşdirib, ardınca Donetsk və Luqansk vilayətlərinin (Donbas bölgəsi) bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-də Rusiya total hərbi əməliyyatlara başlayıb, oktyabrın 5-də Donetsk və Luqansk bölgələrini, eləcə də Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
İşğalçı savaş başqa bölgələri, o cümlədən Xarkov, Sumı, Dneprepetrovsk vilayətlərini əhatə edib, ölkənin hər yanına dağıdıcı silahlarla hücumlarla müşayiət olunur.
Kreml müharibəni dayandırmaq çağırışları qarşısında Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiya ərazisi kimi tanınması tələbi ilə çıxış edib.
Alyaska görüşü ərəfəsində yayılan məlumata görə, Rusiya prezidenti Ukrayna hərbçilərinin Donbas bölgəsindən (Donetsk və Luqansk vilayətlərindən) tam çəkilməsi tələbi qoymaq, əvəzində Rusiya silahlı qüvvələrinin Xarkov, Sumı, Dneprepetrovsk vilayətlərindən çəkilməsinə boyun olmaq niyyətindədir.
Novator.az bildirir ki, ABŞ-ın “Assoşieyted Press” (“Associated Press”) agentliyi Ukraynada total hərbi əməliyyatlar başlanandan bəri müharibəni dayandırmağa yönəlmiş əsas diplomatik cəhdlərin xronologiyasını təqdim edib:
28 fevral 2022
Ukrayna və Rusiya nümayəndə heyətləri genişmiqyaslı hərbi əməliyyatdan sonra ilk dəfə Belarusda görüşürlər. Danışıqlar iki həftə davam edir, humanitar dəhlizlərin açılması qərarından başqa razılaşma əldə olunmur.
21 mart 2022
Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putini birbaşa görüşə çağırır, cavab Rusiya xarici işlər naziri Sergey Lavrovdan gəlir: təklif rədd edilir.
Ertəsi gün Zelenski bildirir ki, Rusiya atəşkəsə və qoşunlarını geri çəkməyə razı olsa, həmçinin Ukraynanın təhlükəsizliyinə zəmanət verilsə, ölkəsinin NATO-ya üzvlük planından imtinası məsələsini müzakirə etməyə hazırdır.
29 mart 2022
Türkiyənin İstanbul şəhərində danışıqlar başlanır. Rusiya tərəfi Ukrayna paytaxtı Kiyevin şimal hissəsində müdafiə qalası hesab edilən Çerniqov vilayətindəki hərbi fəallığını xeyli azaltmağa hazır olduğunu açıqlayır. Ukrayna tərəfi isə bəyan edir ki, NATO-ya qoşulmama, yəni neytral statusda qalma məsələsini müzakirə edə bilər, bir şərtlə ki, digər ölkələr Ukraynaya təhlükəsizlik zəmanəti versin.
7 aprel 2022
Lavrov Ukraynanın sülh təklifini qəbuledilməz adlandırır, deyir ki, Ukrayna Krım yarımadasını təhlükəsizlik zəmanəti dairəsinə qatmamaq barədə əvvəl əldə olunmuş razılıqdan geri çəkilib.
22 iyul 2022
Türkiyə və BMT-nin vasitəçiliyi sayəsində Rusiya ilə Ukrayna arasında Qara dəniz limanlarında ilişib qalmış taxılın ixracına yol açan saziş imzalanır. Bu razılaşma bir il sonra qüvvədən düşür.
30 sentyabr 2022
Rusiya Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin qanunsuz ilhaqını rəsmiləşdirməyə başlayır (bu ərazilərin heç biri tam Rusiyanın nəzarətində deyil). Ukrayna Rusiyanın ilhaq qərarına cavab olaraq NATO-ya üzvlük üçün müraciət və indən belə Putinlə danışıqlar aparılmasını yasaqlayan qərarlar qəbul edir.
7 dekabr 2024
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Parisdə Zelenski və digər Avropa liderləri ilə görüşür.
12 fevral 2025
Trampla Putin arasındakı telefon söhbətində Ukrayna müharibəsini bitirmək üçün danışıqlara başlamaq barədə razılığa gəlinir. Bu həm də ABŞ-ın Rusiyanı təcrid etmək cəhdlərinin üç ildən sonra başa çatması demək olur.
18 fevral 2025
Lavrov və ABŞ-ın dövlət katibi Marko Rubio da daxil olmaqla Rusiya və ABŞ rəsmiləri Səudiyyə Ərəbistanında görüşürlər. Tərəflər müharibəyə son qoymaq və ikitərəfli əlaqələri bərpa etmək razılığına gəlirlər. Ukrayna rəsmiləri danışıqlara dəvət olunmur.
28 fevral 2025
Zelenski Ağ evdə ABŞ rəhbərləri – prezident Donald Tramp, vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio ilə gərgin görüş keçirir. Ukraynanın mineral resursları ilə bağlı nəzərdə tutulan saziş imzalanmamış qalır.
11 mart 2025
ABŞ və Ukrayna rəsmiləri Səudiyyə Ərəbistanında görüşürlər, amerikalılar 30 günlük atəşkəs planı təqdim edir. Kiyev razılaşır.
13 mart 2025
Putin atəşkəs planını rədd edir, bəzi məsələlərin hələ həll olunmadığını bildirir. Həmin gün o, Moskvada ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffu qəbul edir. Uitkoff aprel ayında Moskvaya daha iki səfər edərək Putinlə görüşür.
18 mart 2025
Enerji infrastrukturlarına hücumların müvəqqəti dayandırılması təklifi irəli sürülür. Tərəflər razılaşır, lakin qısa müddət sonra bir-birilərini razılığı pozmaqda ittiham edir, razılaşma qüvvədən düşür.
19 aprel 2025
Putin Pasxa bayramı münasibətilə 30 saatlıq atəşkəs elan edir, amma döyüşlər səngimir.
28 aprel 2025
Kreml mayın 9-da nasist Almaniyası üzərində qələbənin növbəti ildönümünü qeyd etmək üçün bir sutka öncədən başlayaraq birtərəfli qaydada 72 saatlıq atəşkəs elan edir. Kiyev isə ABŞ-ın təklif etdiyi kimi atəşkəsin 30 günlüyə elan olunmasını istəyir.
11 may 2025
Putin heç bir ilkin şərt olmadan İstanbulda Ukrayna ilə birbaşa danışıqlara başlamaq təklifini irəli sürür, lakin 30 günlük atəşkəsə razılıq vermir. Zelenski Putini Türkiyədə görüşməyə çağırır.
15 may 2025
Rusiya və Ukrayna nümayəndə heyətləri 2022-ci ilin əvvəlindən bəri ilk dəfə İstanbulda birbaşa danışıqlar aparır. Sonrakı görüşlər iyunun 2-də və iyulun 23-də keçirilir. Yalnız əsirlərin dəyişdirilməsi və həlak olmuş hərbçilərin meyitlərinin qaytarılması üzrə razılıq əldə edilir, qalan məsələlərdə irəliləyiş olmur.
14 iyul 2025
Tramp bildirir ki, 50 günədək Ukrayna ilə sülhə razılaşmasa, Rusiyaya və rus neftini almaqda davam edən ölkələrə sərt tariflər tətbiq edəcək. İyulun 28-də Tramp Rusiyaya verilən möhləti azaldır, müddətin avqustun 8-də başa çatacağı bilinir.
6 avqust 2025
Uitkoff Putinin yanına – Moskvaya gedir. Həmin gün Ağ ev rəsmisi mediaya açıqlamasında deyir ki, Trampla Putin tezliklə üzbəüz görüşəcəklər. Ertəsi gün Kreml xəbəri təsdiqləyir.
8 avqust 2025
Tramp Putinlə görüşün avqustun 15-də Alyaskada keçiriləcəyini açıqlayır. O, Rusiya və Ukrayna arasında “hər iki tərəfin xeyrinə olacaq ərazi mübadiləsinin” mümkünlüyünü də söyləyir, amma təfərrüata varmır. Ertəsi gün Zelenski ərazi güzəştlərini rədd edir, bildirir ki, Ukrayna öz torpağını işğalçıya verəsi deyil.
Mənbə: Apnews.com