Gürcüstanın Mərkəzi Seçki Komissiyası yerli seçkilərə qatılan partiyaların qeydiyyatını bitirib. Novator.az-ın məlumatına görə, seçki yarışında 17 partiya yer alır. 9 müxalif partiya, o cümlədən sabiq prezident, məhbus Mixail Saakaşviliyə bağlı Vahid Milli Hərəkat Partiyası boykot qərarı verib.
Oktyabrın 4-nə təyin olunmuş yerli seçkilərdə 64 şəhər və rayonda həm mer, həm də məclis seçiləcək. Mer seçilmək üçün sadə səs çoxluğu (50 faiz+) tələb olunur, yerli məclislərə düşmək üçün partiyalar etibarlı səslərin azı 4 faizini toplamalıdır.
Gürcüstanda hökuməti 150 yerlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gəlib.
2021-ci ilin yerli seçkilərində Gürcü Arzusu 64 şəhərin 63-də mer postuna sahib çıxıb, məclislərdə də üstünlük əldə edib.
Gürcüstanda prezidenti parlamentin deputatlarından, muxtar qurumların ali təmsilçi orqanlarının və yerli özünüidarəetmə qurumlarının nümayəndələrindən ibarət Seçicilər Kollegiyası seçir. 2024-cü il dekabrın 29-dan prezident postunu Gürcü Arzusuna bağlı Mixail Kavelaşvili tutur.
Son illər Qərb dairələri, o cümlədən Avropa İttifaqı ilə Gürcüstan hökuməti arasında gərginlik var. 2024-cü ilin parlament seçkisi bu gərginliyi daha da alovlandırıb. Həmin il oktyabrın 26-da keçirilmiş parlament seçkisində Gürcü Arzusu 89 mandata sahib çıxıb. 61 mandat müxalifətə qismət olub, ancaq bu qüvvələr yeni parlamenti boykot edib. Qərb dairələri bu məsələdə müxalifətlə həmrəy olub, Gürcüstan hökumətini yeni parlament seçkisi keçirməyə çağırıb. Gərginlik ölkənin Avropa İttifaqına üzvlük danışıqlarının dayandırılmasına gətirib.
Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
Quruma qoşulmaq üçün 2022-ci il martın 3-də rəsmi ərizə verən Gürcüstan 2023-cü il dekabrın 14-də üzvlüyə namizəd statusu alıb.
Mənbə: Civil.ge