Dövlət başçısı İlham Əliyev avqustun 8-i Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyanla bir araya gəlib. ABŞ prezidenti Donald Trampın iştirak etdiyi görüşdə xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar (layihənin mətninin razılaşdırıldığı martın 13-də bəyan olunmuşdu), həmçinin ATƏT sədrinə Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması barədə birgə müraciət imzalayıblar.
1988-ci il fevralın 13-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə təcavüzə çevrilib. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ “müstəqil dövlət” elan edilib, ardınca hərbi təcavüz sürətlənib, 1994-cü ilin mayına qədər Azərbaycanın altıda biri işğal olunub.
Əsası 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) kimi qoyulmuş ATƏT-ə Azərbaycan və Ermənistan 1992-ci il yanvarın 30-da qəbul olunublar.
1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub.
1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, konfransa hazırlıq məqsədilə italyan Mario Rafaelliyə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib.
1994-cü ilin dekabrında həmsədrlik institutu yaradılıb, həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb. Sonradan İsveçi Finlandiya əvəzləyib.
1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi həmsədr təyin olunub, 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ.
Minsk qrupunda həmsədrlər, Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də yer alıb.
Ermənistanın 1988-1994-cü illərdəki təcavüzündə Azərbaycanın cənub-qərbi və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi işğal olunub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndləri dinc yolla azad edilib.
Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistanın, Ermənistan ərazisinin bir hissəsi – indi Gədəbəyin Başkənd kəndinə aid olan torpaqlar Azərbaycanın nəzarətindədir.
Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın Vaşinqton görüşünün nəticələrinə dair birgə bəyannaməsində qeyd olunur ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulmasına başlamaq üçün şərtlər yaradılıb: “Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik”.