Kiyev Beynəlxalq Sosiologiya İnstitutu Ukrayna əhalisinin Rusiya ilə müharibədən qurtulmaq şərtlərinə münasibətini öyrənib. Sosioloqlar sorğuda mümkün sülhü üç varianta – şərti planlara bölüb: ABŞ-ın planı, Avropa İttifaqı və Ukraynanın planı, Rusiyanın planı.
Novator.az-ın məlumatına görə, iyulun 23-dən avqustun 4-dək 1022 ukraynalı arasında aparılmış telefon sorğusuna qatılan şəxslərin 76 faizi Rusiyanın şərti sülh planı adı verilmiş variantı qəti rədd edib. Rusiya Ukraynanın təslim olmasını, ərazi itkilərini qəbul etməsini tələb edir. Sorğunun nəticələri belə sülhə razılaşanların nisbətini 17 faiz göstərir.
ABŞ-ın şərti sülh planı adı verilən plana respondentlərin 49 faizi “yox”, 39 faizi “hə” deyib. Bu plana əsasən, bir qrup Avropa ölkəsi Ukraynanın təhlükəsizliyinə təminat verir, Rusiya işğal etdiyi ərazilərə nəzarəti saxlayır, ABŞ Krımı Rusiyanın tərkib hissəsi kimi tanıyır.
Avropa İttifaqı və Ukraynanın şərti sülh planı sayılan varianta sorğuda iştirak edənlərin 30 faizi mənfi, 54 faizi müsbət yanaşdığını deyib. Bu plan ABŞ və Avropanın Ukraynaya etibarlı təhlükəsizlik təminatı verməsini, Rusiyanın işğal etdiyi əraziləri əlində saxlamasını, amma bu nəzarətin hüquqi baxımdan tanınmamasını nəzərdə tutur.
2014-cü ilin fevralında Rusiya Ukraynanın Krım yarımadasını zəbt edib, martın 18-də bölgəni özünə birləşdirib, ardınca Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-də Rusiya total hərbi əməliyyatlara başlayıb, oktyabrın 5-də Donetsk və Luqansk bölgələrini, eləcə də Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
İşğalçı savaş başqa bölgələri də əhatə edib, ölkənin hər yanına dağıdıcı silahlarla hücumlarla müşayiət olunur. Rusiya Ukraynanın təslim olub ərazi itkilərini rəsmən qəbul etməsini, tuta bilmədiyi ərazilərin boşaldılmasını, Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiya ərazisi kimi tanınmasını istəyir.
Mənbə: Kiis.com.ua