Türkiyə Böyük Millət Məclisi (TBMM) partiyalarının qurduğu Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası dekabrın 31-dək fəaliyyət göstərəcək. Novator.az bildirir ki, reqlament fəaliyyətin erkən dayandırılmasına və ya fəaliyyət müddətinin uzadılmasına da imkan verir.
İlk iclası avqustun 5-də keçirilmiş komissiyanın əsas məqsədi milli həmrəyliyə nail olunması, demokratiyanın möhkəmləndirilməsi, hüquq dövləti quruculuğu istiqamətlərində təkliflər hazırlamaqdır.
TBMM sədri Numan Kurtulmuşun başçılıq etdiyi 51 nəfərlik komissiyaya Ədalət və İnkişaf Partiyasından 21, Cümhuriyyət Xalq Partiyasından 10, Xalqların Bərabərlik və Demokratiya Partiyasından 4, Milliyyətçi Hərəkat Partiyasından 4, Yaxşı Partiyadan 3, Yeni Yol Partiyasından 3, Hür Dava Partiyasından 1, Yenidən Rifah Partiyasından 1, Türkiyə Fəhlə Partiyasından 1, Əmək Partiyasından 1, Demokrat Partiyasından 1, Demokratik Sol Partiyadan 1 nəfər dəvət olunub.
İclaslar üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Qanun təklifi üzrə qərarların beşdə üç səs çoxluğu, qalan qərarların sadə səs çoxluğu ilə qəbul olunması razılaşdırılıb.
Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası Türkiyədə separatçılığın, bu müstəvidə terrorun tam aradan qaldırılmasına cəhd dalğasında qurulub. 1978-ci ildə yaradılmış Kürd Fəhlə Partiyası (kürdcə qısaltması: PKK) 1984-cü ildən kürdlərin Türkiyədə azı muxtariyyət əldə etməsi üçün silahlı mübarizə aparıb. 2025-ci il mayın 12-də PKK silahlı mübarizəni dayandırıb və özünü buraxıb, bundan sonra kürdlərin hüquqlarının təmin olunması istiqamətində çalışmalar zərurəti gündəmə gəlib. Ölkədə konstitusiya islahatı, növbədənkənar seçkilər məsələləri də geniş müzakirə mövzusudur.
Ölkə konstitusiyası prezident və parlament seçkilərinin beş ildən bir eyni gündə keçirilməsini nəzərdə tutur. Son qoşa seçki 2023-cü il mayın 14-də olub, parlament formalaşıb, prezident seçkisi ikinci turda – mayın 28-də bitib.
Parlamentin – 600 nəfərlik Türkiyə Böyük Millət Məclisinin 360 səslə növbədənkənar seçkiyə qərar vermək hüququ var. Bu halda qoşa seçki qaydası tətbiq olunacaq və indiki dövlət başçısı Rəcəb Teyyub Ərdoğan bir daha prezidentliyə namizəd ola biləcək.
2018-ci ildən prezident həm də hökumət başçısıdır. Heç kim iki dəfədən artıq prezident seçilə bilməz.
Ədalət və İnkişaf Partiyasının sədri olan Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazirlik edib, 2014 və 2018-ci illərdə prezident seçilib. İki dəfədən artıq seçilməyə məhdudiyyət 2018-ci ildən hesablandığı üçün Rəcəb Teyyub Ərdoğan 2023-cü ildə də prezident mandatı alıb.
Növbədənkənar seçkilər Cümhuriyyət Xalq Partiyasına basqılar dalğasında gündəmə gəlib. Bu ilin yazından partiya üzvü Əkrəm İmamoğlunun həbsi ilə ölkədə gərginlik yaranıb. Əkrəm İmamoğlu İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib. 2019 və 2024-cü illərdə İstanbul bələdiyyəsinin başçısı seçilib. 2025-ci ildə Cümhuriyyət Xalq Partiyası onu prezidentliyə namizədi elan etmək qərarına gəlib, martın 23-nə ümumpartiya səsverməsi təyin olunub.
Konstitusiyaya görə, yalnız ali təhsilli Türkiyə vətəndaşı prezidentliyə namizəd ola bilər.
Martın 18-də İstanbul Universiteti Əkrəm İmamoğlunun bakalavr diplomunun geri alınması qərarı verib, martın 19-da Əkrəm İmamoğlu müxtəlif ağır cinayətlər üzrə həbs dalğası çərçivəsində tutulub, martın 23-də bələdiyyə başçısı postundan götürülüb. Bu, kəskin etirazlara, kütləvi aksiyalara səbəb olub. Martın 23-də ölkə boyu təşkil edilən ümumpartiya səsverməsinə başqa siyasi qüvvələr və ictimaiyyət təmsilçiləri də qatılıb, Əkrəm İmamoğlu ümumilikdə 15,5 milyon səs alıb. Martın 27-də CXP onu rəsmən prezidentliyə namizədi elan edib və növbədənkənar seçkilər tələbi qoyub.
İyulun 28-də İstanbul Universiteti Əkrəm İmamoğlunun magistr diplomunu da ləğv edib.
Türkiyə Böyük Millət Məclisinin hazırda 592 üzvü var. Ədalət və İnkişaf Partiyası 272, onun əsas müttəfiqi – Milliyyətçi Hərəkat Partiyası 47 mandatla təmsil olunur.
Cümhuriyyət Xalq Partiyasının 137, Xalqların Bərabərlik və Demokratiya Partiyasının 56, Yaxşı Partiyanın 29 mandatı var.
Demokratiya və Sıçrayış, Gələcək və Səadət partiyalarının fraksiya kimi qurduğu Yeni Yol Partiyası ümumilikdə 22, Hür Dava Partiyası 4, Yenidən Rifah Partiyası 4, Türkiyə Fəhlə Partiyası 3, Demokratik Bölgələr Partiyası 2, Əmək Partiyası 2, Demokrat Partiyası 1, Demokratik Sol Partiya 1, müstəqillər 12 mandata sahibdir.
Mənbə: Global.tbmm.gov.tr