Moldovanın Qaqauz Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) başqanı Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib. Novator.az-ın məlumatına görə, hökmü avqustun 5-də paytaxt Kişinyovun Buykon Rayon Məhkəməsi çıxarıb. Yevgeniya Qutsul seçkinin və hökumət əleyhinə aksiyaların qanunsuz maliyyələşməsində təqsirli bilinib. Martın 25-də həbs olunan başqan aprelin 9-dan ev dustağı idi.
Ölkənin cənubunda türkdilli qaqauzların sıx yaşadığı ərazi 23 dekabr 1994-cü ildə muxtariyyət statusu alıb. Qaqauz Yerində başqan 4 il müddətinə seçilir. 1986-cı il təvəllüdlü Yevgeniya Qutsul 2023-cü il mayın 14-də başqan postuna mandat alıb.
Moldovanın Dnestryanı bölgəsi 1990-cı ildə ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub və o zamandan bəri ərazini nəzarətdə saxlayır. Qaqauz Yeri də Rusiyaya yaxın sayılır.
Moldova 2022-ci il iyunun 23-dən Avropa İttifaqı üzvlüyünə namizəddir.
Hökuməti parlamentdə mandatların yarıdan çoxuna sahib olan partiya qurur. Hazırda prezident Mayya Sanduya bağlı Hərəkət və Həmrəylik Partiyası hakim qurumdur.
Mayya Sandu 2020 və 2024-cü illərdə prezident seçilib.
Sentyabrın 28-nə təyin olunmuş parlament seçkisi ərəfəsində ölkədə dərin parçalanma hökm sürür.