Almaniya Xarici İşlər Nazirliyinin arxivində üzə çıxan sənədlər Vladimir Putinin hələ 1990-cı illərin ilk yarısında Ukrayna torpaqlarına yeriklədiyini göstərir. “Şpigel” jurnalı yazır ki, Almaniyanın Sankt-Peterburqdakı baş konsulu 1994-cü il yanvarın 14-də yerli hökumət sədrinin birinci müavini postunu tutan Vladimir Putinin “Krım, Şərqi Ukrayna və Şimali Qazaxıstan tarixən Rusiyaya məxsus olub” dediyini şəxsən eşidib. Arxiv sənədlərinə əsasən, Vladimir Putin bu ifadələri işlədərkən rusların millətçi duyğularına istinad etdiyini vurğulayıb.
Novator.az bildirir ki, Vladimir Putin 1952-ci ildə Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib, həmçinin Moskvada Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində və Xarici Kəşfiyyat Akademiyasında oxuyub.
1975-1990-cı illərdə təhlükəsizlik orqanlarında çalışıb.
1990-cı ildən əvvəl Leninqrad Dövlət Universiteti rektorunun köməkçisi, sonra Leninqrad Şəhər Soveti sədrinin müşaviri postlarını tutub.
1991-ci ildən Sankt-Peterburq meriyasında çalışıb, 1994-cü ildən Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olub.
1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru (eyni zamanda Təhlükəsizlik Şurasının katibi) olub.
1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə prezident seçilib.
2008-ci ilin may ayından baş nazir olub, 2012, 2018 və 2024-cü illərdə prezident mandatı alıb.
2014-cü ilin fevralında Rusiya Ukraynanın Krım yarımadasını (Krım Muxtar Respublikası və Sevastopol şəhərini) zəbt edib, martın 18-də bölgəni Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, ardınca Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlara başlayıb, sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Mənbə: Newsukraine.rbc.ua