Almaniya və Fransa ABŞ-la Avropa İttifaqının yeni ticarət razılaşmasından narazı qalıb.
İyulun 27-si Şotlandiyada görüşən ABŞ prezidenti Donald Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ticarət anlaşması əldə edib. Novator.az bildirir ki, razılaşma ABŞ-ın Avropa İttifaqından idxalının böyük hissəsinə 15 faizlik rüsum tətbiqini nəzərdə tutur. Avropa İttifaqı ABŞ-dan 750 milyard dollar dəyərində enerji daşıyıcıları almağa, bəzi sahələrə 600 milyard dollarlıq investisiya qoymağa da boyun olub.
Avropa Komissiyası 27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan) bir araya gətirən ittifaqın icra orqanıdır.
“Financial Times” yazır ki, Almaniya hökumətinin başçısı – kansler Fridrix Merts Donald Trampla Ursula fon der Lyayenin əldə etdiyi razılaşmanı hər iki tərəf üçün təhlükəli saydığını, rüsumların inflyasiyaya təkan verəcəyini, ticarətə maneələr yaradacağını deyib.
Ancaq kansler mövcud durumda Avropa İttifaqının bundan yaxşı anlaşmaya ümid edə bilməyəcəyini də vurğulayıb.
Fransanın baş naziri Fransua Bayru isə Donald Trampla Ursula fon der Lyayenin əldə etdiyi razılaşmanı Avropa İttifaqı üçün qara gün saydığını deyib, bunu məğlubiyyətlə barışmaq adlandırıb.
ABŞ prezidenti Avropa İttifaqını 30 faizlik idxal rüsumu ilə hədələyirdi.
27 iyul razılaşması ümumən müsbət qarşılansa da, Avropa İttifaqının bir çox ölkəsində milli valyuta olan avro ABŞ dolları qarşısında dəyər itirməyə başlayıb, yeni rüsumlara tuş gələn bəzi müəssisələrin səhmləri düşüb.
2017-2021-ci illərdə ABŞ prezidenti olmuş Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır. O, aprelin 3-dən başlayaraq ABŞ-ın ticarət tərəfdaşlarına yeni idxal rüsumları tətbiq etmək taktikasını işə salıb.
Mənbə: Ft.com