Savaş alovunda yanan Ukraynada heç bir seçki keçirmək mümkün olmur. 2023-cü il oktyabrın 29-da keçirilməli olan parlament seçkisi, 2024-cü il martın 31-də keçirilməli olan prezident seçkisi təxirə salınıb. 2025-ci il oktyabrın 26-da olası yerli seçkiləri də eyni tale gözləyir.
Rusiya 2014-cü ildən Ukraynada işğalçı müharibə aparır, həmin il Krım yarımadasını, 2022-ci ildə isə Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Ukraynada sonuncu prezident və parlament seçkiləri 2019-cu ildə keçirilib. Prezident seçkisinin ilk turu martın 31-də olub, ikinci turda – aprelin 21-də Vladimir Zelenski qalib gəlib.
Parlament – Ali Rada 2019-cu il iyulun 21-də seçilib.
Yerli seçkilər 2020-ci il oktyabrın 25-də keçirilib.
Ukrayna Konstitusiyasına əsasən, hökuməti parlament formalaşdırır. Baş nazirin, xarici işlər və müdafiə nazirlərinin namizədliyini prezident, qalan hökumət üzvlərinin namizədliyini baş nazir verir.
Hazırda Yuliya Sviridenko baş nazirdir.
Parlamentə Ruslan Stefançuk sədrlik edir.
Ali Radanın 225 deputatı majoritar üsulla (dairələrdən), 225 deputatı proporsional sistemlə (partiya siyahıları üzrə) seçilir.
Novator.az bildirir ki, indi parlamentin 397 üzvü var. Vladimir Zelenskiyə bağlı Xalq Xidmətçisi Partiyası 232, hakim qüvvəyə dəstək verən Həyat və Sülh Platforması 22, Etimad bloku 19, Gələcək Partiyası 17 mandatla təmsil olunur.