ABŞ-ın sabiq prezidenti Cozef Bayden Nyu-Yorkdakı “Hachette Book Group” nəşriyyatı ilə 10 milyon dollarlıq müqavilə bağlayaraq gələcək memuarının çapını bu quruma həvalə edib. “The Wall Street Journal” qəzeti yazır ki, müqaviləyə görə, memuarda Cozef Baydenin həyat yolu və siyasi fəaliyyəti əks olunmalıdır.
Cozef Baydenin xərçəng xəstəliyindən əziyyət çəkdiyini vurğulayan “The Wall Street Journal” bu amilin memuarın yazılmasını əngəlləyə biləcəyini qeyd edir.
Novator.az bildirir ki, Demokratlar Partiyasının üzvü olan Cozef Bayden 2021-2025-ci illərdə prezidentlik edib.
1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində doğulan Cozef Bayden Delaver Universitetini tarix və politologiya ixtisasları ilə bitirib, həmçinin Sirakus Universitetinin Hüquq Məktəbində təhsil alıb.
1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib. 1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.
2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub.
Cozef Baydenin ilk həyat yoldaşı 1972-ci ildə qızı ilə birlikdə avtomobil qəzasında həlak olub. Həmin nikahdan Cozef Baydenin bir oğlu var. Onun digər oğlu 2015-ci ildə beyin xərçəngindən vəfat edib (2017-ci ildə Cozef Baydenin oğlunun faciəsi ilə bağlı kitabı çap olunub).
1977-ci ildə yenidən ailə quran Cozef Bayden ikinci nikahdan bir qız atasıdır.
Mənbə: Wsj.com