Moldovanın dörd müxalif siyasi qüvvəsi – Kommunist, Sosialist, Moldovanın Ürəyi və Moldovanın Gələcəyi partiyaları sentyabrın 28-nə təyin olunmuş parlament seçkisinə vahid blokda gedir. Novator.az-ın məlumatına görə, qərar iyulun 22-də açıqlanıb.
Kommunistlərin lideri Vladimir Voronin 2001-2009-cu illərdə, sosialistlərin lideri İqor Dodon 2016-2020-ci illərdə prezident kürsüsünü, Moldovanın Gələcəyi Partiyasının lideri Vasili Tarlev 2001-2008-ci illərdə baş nazir postunu tutub, Moldovanın Ürəyi Partiyasının lideri İrina Vlax 2015-2023-cü illərdə Qaqauz Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) başqanı olub. Onların hamısı Rusiyaya yaxın siyasətçi sayılır.
Moldovada hökuməti 101 yerlik parlamentdə mandatların yarıdan çoxuna sahib olan partiya qurur. Hazırda prezident Mayya Sanduya bağlı Hərəkət və Həmrəylik Partiyası 61 mandatla hakim qurumdur.
Mayya Sandu 2020 və 2024-cü illərdə prezident seçilib.
Moldovanın Dnestryanı bölgəsi 1990-cı ildə ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub və o zamandan bəri ərazini nəzarətdə saxlayır.
Türkdilli qaqauzların sıx yaşadığı əraziyə 1994-cü ildə muxtariyyət statusu verilib. Qaqauz Muxtar Ərazi Qurumu (Qaqauz Yeri) Rusiyaya yaxın sayılır.
Moldova 2022-ci il iyunun 23-dən Avropa İttifaqı üzvlüyünə namizəddir.