UEFA-nın klub turnirlərinin 2025-2026 mövsümü birinci mərhələni arxada qoyub, yerdəyişmə və tam ələnmələrdən sonra Çempionlar Liqasında 68, Avropa Liqasında 37, Konfrans Liqasında 107 komanda qalıb.
Azərbaycanı təmsil edən “Qarabağ” Çempionlar Liqasında, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan” Konfrans Liqasında yer alır.
“Sabah” Avropa Liqasının birinci mərhələsini keçə bilməyib, Konfrans Liqasında Moldovadan “Petrokub”a rəqib olub.
“Zirə” Xorvatiya “Hayduk”u, “Araz-Naxçıvan” Yunanıstan “Aris”i ilə qarşılaşacaq.
“Qarabağ” İrlandiyadan “Şelburn”la üz-üzə gələcək.
Hər üç turnirin liqa mərhələsində 36 komandanın iştirakı nəzərdə tutulur, 9-24-cü yerləri tutanlar 1/16 finala, ilk 8 pilləni tutanlar 1/8 finala çıxır.
Avropa Liqasının finalı 2026-cı il mayın 20-nə (İstanbul), Konfrans Liqasının finalı mayın 27-nə (Leypsiq), Çempionlar Liqasının finalı mayın 30-na (Budapeşt) təyin olunub.
Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 29-cu pillədədir. Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 0,125 əmsal qazanıb.