“Economist/YouGov” şirkətinin yeni sorğusu ABŞ prezidenti Donald Trampın reytinqində fərqli mənzərələri üzə çıxarıb. Novator.az-ın məlumatına görə, “The Hill” qəzeti yazır ki, 11-14 iyulda keçirilmiş rəy sorğusuna qatılan 1680 amerikalının 55 faizi Donald Trampın fəaliyyətini bəyənmədiyini, 41 faizi onun işindən razı olduğunu bəyan edib.
Donald Tramp Respublikaçılar Partiyasının üzvüdür. O, 2016-cı ilin prezident seçkisində Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib, 2017-ci il yanvarın 20-dən prezidentliyə başlayıb, 2020-ci ilin prezident seçkisində Demokratlar Partiyasının namizədi Cozef Baydenə uduzub, 2021-ci il yanvarın 20-də postunu tərk edib.
2024-cü ilin prezident seçkisində Demokratlar Partiyasının namizədi Kamala Harrisi udan Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır.
“Economist/YouGov”un sorğusunda iştirak edən respublikaçıların 92 faizi prezidentin fəaliyyətindən məmnun olduğunu bildirib. Demokratların isə cəmi 3 faizi bu fikirdə olub.
Hesabata əsasən, partiyasız amerikalıların 29 faizi Donald Trampın prezidentliyindən məmnundur.
Konqresin alt qanadında – 435 nəfərlik Nümayəndələr Palatasında Respublikaçılar Partiyası 220, Demokratlar Partiyası 212 mandatla təmsil olunur. Yuxarı palatada – 100 nəfərlik Senatda respublikaçıların 53, demokratların 45 yeri var.
Mənbə: Foxsportsradio.iheart.com