İyulun 16-sı paytaxt Yerevanda mətbuat konfransı keçirən Ermənistanın baş nazirı Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq ehtimalının yüksək olduğunu deyib.
Ermənistanın hərbi-siyasi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına münasibəti Azərbaycanla 2020-ci il savaşı, 2021-2022-ci illərin sərhəd toqquşmaları fonunda soyuyub, ardınca ölkənin qurumda iştirakı dondurulub.
Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Dağlıq Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində 7 rayon tam, 4 rayon qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycanın bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın 4 kəndindən çəkilib. İşğal altında qalan 4 kənd Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
2021-ci ilin may, 2022-ci ilin sentyabr aylarında Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətindəki bəzi sahələr nəzarətə götürülüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını toqquşmalara reaksiya verməməkdə qınayıb.
Novator.az bildirir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əsası 1992-ci il mayın 15-də Rusiya, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçılarının imzaladığı müqavilə ilə qoyulub. Hərbi təcavüzə qarşı birgə müdafiəni də nəzərdə tutan, 5 il müddətinə imzalanmış sənədə 1993-cü ildə Belarus, Azərbaycan və Gürcüstan da qoşulub. Ölkə parlamentlərində təsdiq prosesi bitən gün – 20 aprel 1994-cü ildə kollektiv təhlükəsizlik müqaviləsi qüvvəyə minib.
2 aprel 1999-cu ildə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müqavilənin hər 5 ildən bir avtomatik uzadılmasını nəzərdə tutan protokolu imzalayıblar. Azərbaycan, Gürcüstan, Özbəkistan bu addımı atmayıblar.
7 oktyabr 2002-ci ildə qəbul olunmuş nizamnaməyə əsasən, KTMT beynəlxalq regional qurumdur.
2006-2012-ci illərdə Özbəkistan yenidən KTMT-də təmsil olunub.
KTMT-nin daimi işçi qurumları Katiblik və Birləşmiş Qərargahdır. Hər iki qurumun ofisi Rusiyanın paytaxtı Moskvada yerləşir. Qurumun ali vəzifəli şəxsi baş katibdir.