İsrailin ingilisdilli “Yerusəlim Post” qəzetində “Azərbaycan, Rusiya, İran: strateji sərhədlər təzədən çəkilir. Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradır” başlıqlı məqalə dərc olunub. Yazının müəllifi şərqşünas professor, tanınmış analitik Mordexay Keydardır.
Novator.az-ın məlumatına görə, məqalədə son illər Azərbaycanın Rusiya və İran kimi regional güclərlə münasibətlərində mühüm geosiyasi dəyişikliklərin baş verdiyi qeyd olunur: “Bir vaxtlar Azərbaycan iri qonşularının əhatəsində incə balanslı siyasət yürüdən ehtiyatlı bir oyunçu kimi qəbul edilirdi. İndi isə bu ölkə çox inadkar və müstəqil xarici siyasətə keçib. Bu istiqamətdə addımları ilə Azərbaycan həm Cənubi Qafqazda çoxdan oturuşmuş bir siyasi axara qarşı çıxır, həm də strateji mövqeyini gücləndirən fəal regional oyunçu kimi yerini bərkidir. Azərbaycanın dəyanətli dirənişinin kökündə istər Rusiya, istərsə də İranla münasibətlərində illər uzunu bitib-tükənməyən gərginliklər, bu dövlətlərin onu durmadan məyus etməsi dayanır”.
Müəllifə görə, 2020-ci ildə İkinci Qarabağ müharibəsində qalib gələndən sonra Azərbaycan qüdrətli bir dövlətə, hərbi cəhətdən daha güclü, diplomatik baxımdan özünə daha inamlı bir ölkəyə çevrilib. Mordexay Keydar Rusiyanın Qarabağ münaqişəsi başa çatandan sonra sabitləşmə prosesinə hərtərəfli dəstək vermək əvəzinə tez-tez erməni maraqlarının hamisi rolunda çıxış etdiyini, buna görə Bakının dəfələrlə Moskvanı Ermənistanın təxribatlarına göz yummaqda, sabitliyə qahmar çıxmaq adı altında Azərbaycanın suverenliyinə müdaxiləyə cəhd göstərməkdə qınadığını vurğulayır: “O biri yandan da İran getdikcə həm siyasi, həm də hərbi sahədə Ermənistanla daha yaxın əlaqələr qurur. Tehranın “regional balans” ritorikasının altında əslində Azərbaycanın İsraillə, Qərblə əlaqələrini inkişaf etdirməsindən ciddi narahatlıq keçirməsi durur. İranın Azərbaycan sərhədində təşkil etdiyi, şiə toplumu arasında qarışıqlıq salmaq məqsədi daşıyan təxribat xarakterli bəyanatlarla müşayiət olunan hərbi təlimlər ikitərəfli münasibətlərin kəskin surətdə pisləşməsinə gətirib çıxarıb.
Azərbaycan bütün bunlara iki əsas yolla – strateji itaətsizlik və diplomatik şaxələndirmə ilə cavab verir. Bakı Türkiyə və İsraillə hərbi əməkdaşlığı gücləndirir, irimiqyaslı birgə hərbi təlimlər keçirir, Türk Dövlətləri Təşkilatı kimi regional platformalara daha sıx inteqrasiya olunur. Mahiyyətcə Bakı yeni “qırmızı xətlər” çəkir və bunu təkcə öz təhlükəsizliyi naminə deyil, həm də bölgədə güc sahibi olduğunu anlatmaq məqsədilə edir”.
Məqalədə bildirilir ki, Azərbaycanın öz regional rolunu yenidən dəyərləndirməsi həm də onun enerji və logistika mərkəzi kimi əhəmiyyətinin gündən-günə artmasından irəli gəlir: “Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya nəql olunan təbii qazın əsas tədarükçüsüdür. Avropanın Rusiyanın enerji daşıyıcılarından asılılığını azaltmağa çalışdığı bir dövrdə bu, olduqca mühüm bir layihədir. Azərbaycanın enerji ixracını genişləndirmək vədinə sadiqliyi onu Avropa İttifaqının üzvü olan dövlətlərlə, həmçinin bir sıra digər ölkələrlə strateji müttəfiqə çevirib.
Azərbaycan Rusiya və İrandan yan keçən yeni nəqliyyat marşrutlarının, xüsusilə Zəngəzur dəhlizinin, Şərq-Qərb, Şimal-Cənub ticarət dəhlizlərinin inkişaf etdirilməsi prosesinə də liderlik edir. Bu layihələr Avrasiyada ticarət dinamikasını dəyişir və türk dövlətləri, Mərkəzi Asiya ölkələri arasında Azərbaycanın “yumşaq güc”ünü artırır.
Mədəniyyət sahəsindəki diplomatiyası, beynəlxalq fəallığı, qlobal tədbirlərə ev sahibliyi etməsi, dinlərarası dialoqa dəstək verməsi göstərir ki, Bakının niyyəti bir-birinə rəqib dövlətlər arasında bufer olmaq deyil, onun daha ambisiyalı, daha böyük niyyəti var: Şərqlə Qərb arasında körpü salmaq”.
Müəllif vurğulayır ki, iri dövlətlər arasındakı rəqabətin girovuna çevrilmiş kiçik dövlətlərdən fərqli olaraq Azərbaycan fəal şəkildə öz strateji əhatəsini formalaşdırmaqla məşğuldur: “Bu gün Azərbaycan xarici siyasətini kor-koranə sədaqət üzərində deyil, müstəqil qərarlar, çoxvektorlu diplomatiya və düşünülmüş müttəfiqlik əsasında qurur.
Düzdür, Rusiya və İranla münasibətlərdəki pozuluşma eskalasiyanın artacağı sarıdan narahatlıqlar doğura bilər, amma belə görünür ki, Azərbaycan bu riskləri səbir və əzmkarlıqla, beynəlxalq tərəfdaşlıqları vasitəsilə idarə etməyə çalışır. Türkiyə, İsrail, Avropa İttifaqı ilə sıx əlaqələri və ABŞ-la əməkdaşlığının irəliləməsi Azərbaycandan ötrü Rusiya ilə İranın təzyiqlərinə qarşı bir növ sipər rolunu oynayır”.
Məqalədə qeyd olunur ki, Azərbaycan qonşularını təcrid etmək və ya özünə qarşı çevirmək niyyəti güdmür, yalnız öz suverenliyini və regional mövqeyini qoruyur: “Məcburetmə cəhdlərinə qətiyyətlə sinə gərən Bakı tək Moskvaya və Tehrana deyil, bütövlükdə beynəlxalq ictimaiyyətə belə bir siqnal göndərir ki, fundamental maraqları təhdid altına düşəndə kiçik və orta güclər lazımi qədər dirəniş göstərə bilərlər.
Azərbaycanın inkişaf etməkdə olan xarici siyasəti ənənəvi regional asılılıq modelindən uzaqlaşmaya bariz nümunədir. Artıq passiv oyunçu və ya enerji daşıyıcıları üçün tranzit zonası kimi tanınması Azərbaycanı qane etmir. Azərbaycan geosiyasi mövqeyindən, iqtisadi resurslarından və diplomatik təsir imkanlarından yararlanmaqla Avrasiyanın strateji mərkəzinə çevrilmək istəyir. Bununla da Azərbaycan Cənubi Qafqazda geosiyasi ssenarisinin yenidən yazılmasına – daha çoxqütblü, suverenliyə köklənmiş və xarici təzyiqlərə davamlı bir ssenarinin ortaya çıxmasına yardım edir.
Bütün bu dəyişikliklər regionda davamlı sülhə, tarazlığa gətirib çıxaracaqmı? Bu, tək Azərbaycanın dirənişinə, dayanıqlığına bağlı deyil, həm də qalan iştirakçıların yeni reallığı nə dərəcədə hörmət-izzətlə qəbul etməyə hazır olmalarından asılı bir məsələdir”.
Mənbə: Jpost.com