Ermənistanda növbəti parlament seçkisi 2026-cı il iyunun 7-də keçiriləcək.
Parlamentin (Milli Məclis) səlahiyyət müddəti 5 ildir. Hökumət qurmaq üçün mandatların azı 54 faizini almaq gərəkdir, parlamentdə isə minimum üç siyasi qüvvə təmsil olunmalıdır.
Hazırda baş nazir Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasının 69, müxalif qüvvələrin – Ermənistan blokunun 28, “Qürurluyam” blokunun 6 mandatı var. 4 deputat partiyasızdır.
Nikol Paşinyan hökumətə 2018-ci il mayın 8-dən başçılıq edir.
Novator.az bildirir ki, 1991-ci ildə müstəqil dövlət elan olunandan sonra Ermənistanda səkkiz parlament seçkisi keçirilib.
1995-ci il iyulun 5-də seçilən 190 nəfərlik parlamentin 150 üzvü majoritar sistemlə (dairələrdən), 40 üzvü proporsional sistemlə (partiya siyahıları üzrə) mandat alıb.
30 may 1999-cu ildə 131 nəfərin 75-i majoritar, 56-sı proporsional, 25 may 2003-cü ildə 75-i proporsional, 56-sı majoritar, 12 may 2007-ci il və 6 may 2012-ci ildə 90-ı proporsional, 41-i majoritar sistemlə seçilib.
2 aprel 2017-ci ildə 105 deputat ölkə və bölgələr üzrə ayrı-ayrı partiya siyahıları üzrə mandat götürüb.
İndiki qaydaya əsasən, parlament azı 101 nəfərdən ibarət olur.
9 dekabr 2018-ci ilin seçkisi ölkə və bölgələr üzrə ayrı-ayrı partiya siyahıları üzrə keçirilib.
20 iyun 2021-ci ilin seçkisində ölkə üzrə vahid partiya siyahıları (tam proporsional sistem) tətbiq olunub.