Gürcüstanda dörd müxtəlif hökmlə ümumilikdə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş sabiq prezident Mixail Saakaşvilinin yekunlaşmamış bir mühakiməsi qalır. Novator.az bildirir ki, Tbilisi Şəhər Məhkəməsinin icraatında olan proses vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı üzrə aparılır. Mixail Saakaşvili 2007-ci il noyabrın 7-də xüsusi təyinatlı qüvvələrin müxalifətin mitinqində zorakılıq, “İmedi” telekanalının ofisində dağıntılar törətməsində, biznesmen və siyasətçi Badri Patarkatsişvilinin (2008-ci ildə vəfat edib) əmlakının ələ keçirilməsində təqsirli bilinir.
1967-ci il dekabrın 21-i Tbilisidə doğulan Mixail Saakaşvili Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, həmçinin Fransanın Strasburq şəhərindəki Beynəlxalq İnsan Hüquqları İnstitutunda, ABŞ-ın Kolumbiya və Corc Vaşinqton universitetlərində təhsil alıb.
İki dəfə Gürcüstan parlamentinin deputatı seçilib. 2000-ci ildə ölkənin ədliyyə naziri təyin olunub. 2001-ci ildə prezident Eduard Şevardnadzeni korrupsiyada günahlandıraraq nazir vəzifəsindən istefa verib. 2002-ci ildən Tbilisinin meri olub. 2003-cü ildə Eduard Şevardnadze hakimiyyətinə qarşı xalq hərəkatına başçılıq edən Mixail Saakaşvili 2004-2013-cü illərdə prezident postunu tutub.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin olunub, dekabrın 4-də Gürcüstan vətəndaşlığından məhrum edilib.
2016-cı ilin noyabrında Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verərək müxalifətə keçib. 2017-ci il iyulun 25-də Ukrayna prezidenti Pyotr Poroşenko onu vətəndaşlıqdan çıxarıb. Həmin il Mixail Saakaşviliyə Ukraynada cinayət işləri qaldırılıb, ancaq onu həbs etmək mümkün olmayıb. 2018-ci il fevralın 12-də Mixail Saakaşvili ölkədən deportasiya edilib.
2019-cu ildə Vladimir Zelenski Ukrayna prezidenti seçiləndən sonra Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığı bərpa olunub, o, 2020-ci ildən Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinə başçılıq edib.
2013-cü ildə Gürcüstanı tərk edəndən sonra Mixail Saakaşvili dörd müxtəlif cinayət işi üzrə məsuliyyətə cəlb olunub, ona iki qiyabi hökm çıxarılıb.
2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi sabiq prezidenti bankir Sandro Qirqvlianinin işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilərək ona 3 il azadlıqdan məhrumetmə cəzası verib.
Sandro Qirqvliani 2006-cı ildə öldürülüb. 2008-ci ildə prezident postunu tutan Mixail Saakaşvili bu ölüm işinə görə tutulmuş 4 polis zabitini əfv edib və onlar azadlığa çıxıblar.
2018-ci il iyunun 28-də Tbilisi Şəhər Məhkəməsi Mixail Saakaşvilini 6 il müddətinə azadlıqdan məhrum edib. Sabiq prezident 2005-ci ildə parlamentin deputatı Valeri Gelaşviliyə edilmiş hücumun təşkilində təqsirli bilinib.
2005-ci ildə Mixail Saakaşvili dövlət başçısı postunu tutarkən Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə Valeri Gelaşvilini döyüblər. Deputat ağır xəsarətlərlə xəstəxanaya düşüb. Valeri Gelaşvili hücumu prezidentin sifarişi saydığını bəyan edib.
2021-ci il sentyabrın 29-da Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub. Oktyabrın 20-də Mixail Saakaşviliyə dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürülüb. Onun sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca Tbilisiyə getdiyi açıqlanıb.
Sabiq prezident xəstədir, 2022-ci il mayın 12-dən Tbilisidəki “Vivamedi” Tibb Mərkəzində müalicə olunur.
2025-ci il martın 12-də Tbilisi Şəhər Məhkəməsi Mixail Saakaşviliyə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökmə görə, Mixail Saakaşvili dövlət başçısı olarkən, 2009-2012-ci illərdə Xüsusi Dövlət Mühafizəsi Xidmətinin 3 milyon dollara yaxın vəsaitini israf edib.
Martın 17-də Tbilisi Şəhər Məhkəməsi ona 4 il 6 aylıq həbs cəzası kəsib. Siyasətçi dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinib.
Parlament respublikası olan Gürcüstanda hökuməti qanunverici orqanda çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gələrək hökumət qurub. Mixail Saakaşvili hökumətə sərt müxalif mövqedə dayanır.