Böyük Britaniyanın “Fayneşnl Tayms” (“Financial Times”) qəzetində “Avropanın ən iri limanı NATO üçün silah-sursat daşımalarına və Rusiya ilə mümkün müharibəyə hazırlaşır” başlıqlı yazı dərc olunub.
1949-cu ildə yaradılmış hərbi-siyasi ittifaq olan NATO-ya (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 32 ölkə daxildir: ABŞ, Albaniya, Almaniya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İslandiya, İspaniya, İsveç, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Şimali Makedoniya, Türkiyə, Yunanıstan.
Novator.az-ın məlumatına görə, “Fayneşnl Tayms” yazır ki, Rusiya ilə müharibə riskinin artdığı bir vaxtda Avropanın ən iri limanı – Niderlandın Rotterdam limanı NATO-nun hərbi gəmiləri üçün xüsusi yerlər ayırmağa və silah tədarükü marşrutlarını təkmilləşdirməyə başlayıb. Limanda terminalın bir hissəsinin silah-sursat daşıyan hərbi gəmilərin giriş-çıxışına uyğunlaşdırılacağı vurğulanır. Bu plan NATO-nun Rusiya ilə qarşıdurma ehtimalını getdikcə daha real bir ssenari kimi qiymətləndirdiyi dövrə təsadüf edir, həmçinin alyans ölkələrinin ən böyük güc olan ABŞ-dan hərbi asılılığını azaltmaq cəhdləri fonunda gündəmə gəlib.
Rotterdam limanının icraçı direktoru “Fayneşnl Tayms” qəzetinə deyib ki, limanla Belçikanın Antverpen limanı arasında hərbi yüklərin tədarükü üçün xüsusi xətlər açılacaq: “Artıq biz – Avropa dövlətləri bir-birimizi rəqib deyil, tərəfdaş kimi görürük. Lazım gəlsə, bəzi hərbi yükləri yerləşdirməkdə bir-birimizə kömək edəcəyik”.
Direktor bildirib ki, limanların, o cümlədən limanlardakı terminalların heç də hamısı hərbi yüklərin tədarükü baxımından əlverişli deyil: “Xüsusilə ABŞ, Böyük Britaniya və Kanadadan gələn silah-sursatı qəbul etmək, yerləşdirmək, paylaşdırmaq məsələsində logistik həlləri təkmilləşdirməyə ehtiyac var”.
“Fayneşnl Tayms” yazır ki, NATO-nun istəyi ilə Rotterdam limanında hərbi yüklər üçün xüsusi yerlərin ayrılmasına qərar verildiyini Niderlandın Müdafiə Nazirliyi də təsdiqləyib.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, Rusiya 2024-cü ildə müdafiə xərclərini 42 faiz artıraraq 462 milyard dollara çatdırıb. Bu göstərici Avropa ölkələrinin cəmi müdafiə büdcəsini geridə qoyur.
NATO-nun baş katibi Mark Rütte iyulun 5-də verdiyi açıqlamada deyib ki, Çin Tayvana qarşı hərbi əməliyyata başlasa, Rusiyanı NATO ölkələrinə hücuma keçməyə sövq edəcək ki, alyans üzvləri öz başının hayına qalsın, Çinə mane ola bilməsin.
Baş katib vurğulayıb ki, Rusiya hərbi potensialını tezliklə bərpa edə və NATO-ya birbaşa təhlükə yarada bilər.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar aparan Rusiya oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb. NATO ölkələrinin çox böyük qismi savaşda Ukraynaya dəstək verir.
Tayvan Çinin nəzarətindən 1949-cu ildə çıxandan faktiki müstəqil dövlətdir, beynəlxalq aləmdə qismən tanınır. ABŞ və başqa Qərb ölkələri Tayvanı Çinin əyaləti saysa da, fəal dəstəkləyir, adanın zorla tutulmasına qarşı çıxır. Ada əhli də Tayvanın avtoritar kommunist rejiminin idarəçiliyi altında olan Çin Xalq Respublikasına birləşməsini qəbul etmir.
Mənbə: Ft.com