Sonuncu İran şahının mühacirətdə yaşayan oğlu Rza Pəhləvi “Foks Nyus” (“Fox News”) kanalına müsahibə verib. Novator.az-ın məlumatına görə, o, ABŞ prezidenti Donald Trampa ismarış göndərib.
İsmarışını “Prezident Trampa və Amerika xalqına nə demək istərdiniz” sualını cavablandırarkən dilə gətirən Rza Pəhləvi deyib: “Prezident Tramp Yaxın Şərqdə sülh axtarır. O, regionda xaosa son qoymaq, Amerika qoşunlarının təhlükəsizliyini təmin etmək və nəhayət, onları sağ-salamat evə qaytarmaq istəyir. Bunları mən də istəyirəm. Amma İranın indiki rejimi bunun heç birini arzulamır, çünki bu rejim xaosla, qan-qada ilə qidalanır. İranda gerçək sülh yalnız islam respublikası olmayanda mümkündür.
Ona görə mənim prezident Trampa ismarışım belədir: xaosa, dağıdıcılığa son qoymağın yolu indiki rejimdən can qurtarıb vətənə yenidən sahiblənmək işində İran xalqına yardımçı olmaqdan keçir. Bu baş verərsə, Donald Tramp tarixin ən böyük sülhməramlısından birinə çevrilə, özündən sonraya çox qiymətli bir miras qoya bilər.
Mən bu prosesdə, bu missiyanı həyata keçirməkdə, xalqımızı dinc, demokratik gələcəyə aparmaqda, regionda yenidən Amerikanın da maraqlarına cavab verəcək bir sabitlik qurmaqda Donald Trampın tərəfdaşı olmağa hazıram. Biz prezident Trampla əl-ələ verib dünyanın ən təhlükəli rejimini devirə, yerini isə xaosla deyil, əzmkarlıqla, nizam-intizamla, azadlıqla doldura bilərik”.
Rza Pəhləvi iddia edib ki, İranı despotizmdən qurtarmaq, demokratik bir dövlət kimi yenidən qurmaq üçün geniş bir koalisiya fəaliyyətdədir. O, koalisiyanın ən müxtəlif təbəqələri (keçmiş məmurlar, dissidentlər, ictimai-siyasi fəallar, qadın hüquqlarının müdafiəçiləri, tələbələr, diaspor nümayəndələri…) əhatə etdiyini söyləyib.
Pəhləvi İran ordusunun və təhlükəsizlik orqanlarının hazırkı və keçmiş təmsilçiləri ilə təmasda olduğunu da bildirib. İranın gələcək idarə üsulunu necə görməsinə, monarxiyanı bərpa etmək fikrində olub-olmamasına gəlincə, Rza Pəhləvi deyib ki, buna İran xalqı özü qərar verməli, hansı idarə üsulunda yaşamaq istədiyini xalq azad və ədalətli səsvermə ilə müəyyənləşdirməlidir.
Pəhləvilər sülaləsi 1925-1979-cu illərdə İranı idarə edib. Rza Pəhləvi ikinci və sonuncu İran şahı Məhəmmədrza Pəhləvinin böyük oğludur. 1960-cı il oktyabrın 31-i Tehranda doğulub. 1967-ci ildən şahzadə sayılır. 1978-ci ildə ABŞ Hərbi Hava Qüvvələrində hərbi təlim keçmək üçün İranı tərk edib. Bir neçə ay sonra, 1979-cu ildə islam inqilabı nəticəsində monarxiya devrilib, Məhəmmədrza Pəhləvi ailəsinin qalan üzvləri ilə birgə ölkədən qaçıb. O vaxtdan Rza Pəhləvi ABŞ-da yaşayır. Hazırda Los-Anceles şəhərində məskunlaşıb. Cənubi Karolina Universitetində politologiya üzrə ali təhsil alıb. 2012-ci ildə yaradılmış İran Milli Şurasının lideridir.
“Foks Nyus” kanalı bildirir ki, ABŞ-ın İranın nüvə obyektlərinə aviasiya zərbələrindən sonra yerini atəşkəsə verən 12 günlük İsrail-İran savaşı Tehran rejiminin iranlı müxaliflərini fəallaşdırıb: “Onlar yeni bir qüvvə ilə irəli atılıb ABŞ-ı İran xalqının rejimi dəyişmək istəyinə dəstək verməyə çağırırlar”. “Foks Nyus” bu sırada Rza Pəhləvinin xüsusi canfəşanlıq göstərdiyini vurğulayır.
İran İslam Respublikası 1979-cu ildə, inqilab dalğasında yaradılıb. Dövlət başçısı səlahiyyətlərini Üləmalar Məclisinin seçdiyi ali rəhbər həyata keçirir. 1989-cu il iyunun 3-dən bu postu 1939-cu il təvəllüdlü Əli Xamneyi tutur.
Hökumət başçısı funksiyası daşıyan İran prezidenti ümumxalq səsverməsində 4 il müddətinə seçilir. 2024-cü il iyulun 28-dən 1954-cü il təvəllüdlü Məsud Pezeşkian prezidentdir.
290 nəfərlik ölkə parlamenti (İslam Şurası Məclisi) 4 ildən bir majoritar sistemlə (dairələr üzrə) seçilir. İndiki parlament 2024-cü ilin yazında formalaşıb.
Mənbə: Foxnews.com