İsrail Çini İrana qarşı siyasi və iqtisadi təsir imkanlarından istifadə etməyə çağırıb. “Bloomberg” agentliyinin 2 iyul məlumatına görə, İsrailin Şanxaydakı baş konsulu Ravit Baer deyib ki, İranın nüvə və hərbi planlarının qarşısını ala biləcək yeganə ölkə Çindir: “İran yalnız Çinə neft satışı hesabına ayaqda qalır. Çin olmasa, İran iqtisadi cəhətdən çökər”.
Novator.az bildirir ki, baş konsul 2025-ci ilin martında ABŞ-ın Tehrandan nüvə danışıqlarının bərpasını tələb etdiyini, onda həm Çinin, həm də Rusiyanın İrana dəstək olduğunu xatırladıb: “Çin və Rusiya rəsmiləri bəyan etdilər ki, dialoq yalnız “qarşılıqlı hörmət əsasında” aparılmalı və bütün sanksiyalar ləğv olunmalıdır”.
Ravit Baer Çinin İranı dəyişməyə məcbur edə biləcək siyasi gücə sahib olduğunu vurğulayıb: “Çin təzyiq göstərə, İranın regionda dağıdıcı fəaliyyətini dayandırmaqda rol oynaya bilər. Çin və Rusiya İrana yaxın müttəfiqlər olsalar da, İsraillə 12 günlük müharibə zamanı Tehrana yardım etmədilər. Ancaq Çin İsraillə İran arasında vasitəçi olmaq da istəməz. Bu, böyük məsuliyyət, ciddi qərarlar tələb edir”.
Diplomat əlavə edib ki, 2023-cü ildən bəri İranla artan gərginliyə baxmayaraq İsrailin Çinlə münasibətləri ciddi şəkildə pisləşməyib, Çin İsrailin ABŞ-dan sonra ikinci böyük ticarət tərəfdaşıdır: “Biz hələ də konstruktiv dialoq aparırıq. Siyasi baxışlarımız üst-üstə düşməyə bilər, amma bu, əməkdaşlığa mane olmamalıdır”.
İranla İsrailin münasibətləri çoxdan gərgindir. İsraili dövlət kimi tanımayan İran onunla problemi olan ölkələrdə radikal qruplara dəstək verir. İrana sıx bağlı Fələstin qurumu HƏMAS (İslami Müqavimət Hərəkatı) 2023-cü il oktyabrın 7-də Fələstinin Qəzza bölgəsindən İsrail ərazilərinə hərbi müdaxilə edib, bir çox şəxs öldürülüb və ya girov götürülüb, ardınca böyük savaş başlayıb.
İsrail isə İranı daimi təcriddə saxlamaq kursu yürüdür. 1979-cu ildən bəri İran ağır iqtisadi sanksiyalar altındadır.
İranı nüvə silahı hazırlamaq niyyətində ittiham edən İsrail 2025-ci il iyunun 13-dən bu ölkəyə qarşı kəskin hərbi hava və raket hücumları aparıb. İyunun 22-də ABŞ da hava hücumlarına qoşulub, İranın əsas nüvə təsisatlarına zərbələr endirilib. İyunun 23-də atəşkəs razılığına gəlinib.
Mənbə: Bloomberg.com