Ukrayna ordusunun zabiti – mayor Oleq Şıryayev pilotsuz uçuş aparatı təhlükəsinə qarşı zirehli kombinezon hazırlayıb. Rusiyanın Kursk vilayətindəki hərbi əməliyyatlarda iştirakına görə Ukrayna Qəhrəmanı fəxri adı almış zabit qəlpələrə davamlı geyimlə döyüşçülərin həyatını xilas edə biləcəyini deyir.
Böyük Britaniyanın “Teleqraf” (“The Telegraph”) qəzeti yazır ki, yeni kombinezonun tərkibində kevlar materialı var: “Kevlar istiyədavamlı sintetik lifdir, yarış avtomobillərinin təkərlərində poladın əvəzedicisi kimi istifadə olunur, keramik lövhələrlə müqayisədə gülləyə qarşı çox dayanıqlı olmasa da, qəlpələrdən effektli müdafiə təmin edir. Şıryayev müasir döyüş meydanlarında əsas təhlükənin atıcı silahlardan yox, dronlardan gəldiyini deyir”.
Novator.az-ın məlumatına görə, mayor qeyd edir ki, zirehli kombinezon ideyası dron təhlükəsindən doğub: “Düşmən pilotsuz aparat vasitəsilə qumbara və ya partlayıcı qurğu atanda hədəfə dəyməsə belə ətrafa çoxsaylı qəlpə yayılır, əsgərlərə də, döyüşçü qruplarına xəsarət yetirə bilir. Biz bunun doğurduğu itkilərin qarşısını almağa çalışırıq. Rusiya pilotsuz sistemlər sahəsində sürətlə irəliləyir və Ukrayna düşməni qabaqlamağa çalışmalıdır”.
Şıryayevin hazırladığı geyimin əsas üstünlüyü dirsək, diz və topuq nahiyələrini qoruyan gücləndirilmiş təbəqənin olmasıdır. Zərbələrə davamlı ayaqqabı altlıqları üzərində də iş aparılır.
Yazıda qeyd olunur ki, tam zirehli kombinezonlar adətən partlayıcıları zərərsizləşdirməklə məşğul olan ixtisaslaşmış qruplar üçün nəzərdə tutulur: “Belə geyimlər əsgərin hərəkət imkanlarını məhdudlaşdırır və bədəndə dözülməz istilik yaradır. Gülləyə davamlı ənənəvi jiletlər uzun hərbi yürüşlər zamanı çıxarılır. Amma indiki müharibədə əsas təhlükə adi silahlardan yox, dronlardan və artilleriya zərbələrindən gəldiyi üçün uyğun qoruyucu geyimlər qaçılmazdır.
Şıryayev bildirir ki, çağdaş savaşlarda döyüşçülər uzun müddət eyni mövqedə durmalı olur, dron hücumlarına məruz qalır, ona görə də zirehli geyimlər döyüş qabiliyyətinə birbaşa təsir edir.
Şıryayevin döyüş yolu 2014-cü ildə, Donbasda separatçı qiyam zamanı başlayıb. O zaman dronlar dəbdə deyildi. Amma indi pilotsuz uçuş aparatları müharibənin mahiyyətini çox dəyişib, döyüş meydanında üstünlük qazandıran bir vasitəyə çevrilib”.
Mayor bir məqamı da xüsusi vurğulayır: “Piyadasız müharibə mümkün deyil. Dron qərar qəbul etmir, o, insanın yerini tuta bilməz. Dronu yönləndirən əsgərdir. Məsələn, ağaclar yarpaqlayanda dron hər şeyi görə bilmir. Müharibədə yalnız bir taktikaya ümid bəsləyib qələbə əldə etmək mümkün deyil. Dronlar, müşahidə məntəqələri, kəşfiyyat və klassik piyada dəstələri birlikdə işləməlidir ki, komandanlıq ön cəbhədə baş verənləri tam şəkildə görə bilsin”.
“Teleqraf”dakı yazı belə bitir: “Mayor Şıryayevin arzusu müharibəni qalibiyyətlə başa vurmaqdır. Həyat yoldaşı və iki azyaşlı övladı Xarkovda yaşayır. Mayor onlara imkan olduqca baş çəkə bilir: “Başa düşürəm ki, həyat keçib gedir, amma yerinə yetirilməli vacib tapşırığım var. Övladlarımın bu müharibəni mənim yerimə aparmasını istəmirəm. Bu müharibəni birdəfəlik, həmişəlik bitirmək istəyirəm”.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini qismən ələ keçirib.
Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Ukraynalılar rəşadətlə vuruşur, bəzən savaşı Rusiya ərazisinə də keçirməyə nail olur. 2024-cü ildə belə əməliyyatların birində Kursk vilayətinin bir hissəsi nəzarətə götürülmüşdü.
Mənbə: Telegraph.co.uk