ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kremlin sözçüsü Dmitri Peskova cavab verib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Belarus televiziyasına 29 iyun müsahibəsində qeyd edib ki, Rusiya-Ukrayna danışıqlarının gələcək taleyi Kiyevin mövqeyindən, ABŞ-ın vasitəçilik səylərinin effektivliyindən və döyüş meydanındakı vəziyyətdən asılı olacaq: “Çox şey, təbii ki, Kiyev rejiminin mövqeyindən asılıdır. Eyni zamanda Vaşinqtonun vasitəçiliyinin hansı səviyyədə davam edəcəyi önəmlidir”.
Novator.az-ın məlumatına görə, Kit Kelloq “X” sosial şəbəkəsində qeyd edib ki, əslində danışıqlar prosesini pozan, elə müharibəni başladan Rusiyanın özüdür :“Prezident Tramp müharibənin dayandırılması istiqamətində irəliləyiş əldə olunması üçün ardıcıl və qətiyyətli mövqe nümayiş etdirib. Biz dərhal atəşkəsə çağırır və müharibənin dayandırılması üçün üçtərəfli danışıqlara başlanmasını istəyirik. Rusiya dinc sakinləri bombalaya-bombalaya danışıqları uzada bilməz”.
Peskov’s recent comments on the state of negotiations are Orwellian. Russian claims that it is the US and Ukraine stalling peace talks are unfounded. President Trump has been consistent and adamant about making progress to end the war. We urge an immediate ceasefire and a move to… pic.twitter.com/vCQoF1XEtd
— Keith Kellogg (@generalkellogg) June 30, 2025
Ukraynanın ingilisdilli internet nəşri “Kyiv İndependent” yazır ki, Rusiya ABŞ-ın dəstəklədiyi atəşkəs təklifini rədd edib və Ukrayna şəhərlərinə intensiv hücumlara ara vermir: “İyun ayında Rusiya Ukraynaya rekord sayda ağır hücumlar həyata keçirib, prezident Vladimir Putin isə açıq şəkildə “Ukrayna bütünlüklə bizə məxsusdur” deyərək Kremlin sülh niyyətlərinə şübhələri daha da artırıb. Peskovun son müsahibəsi müharibənin dördüncü yaya daxil olduğu bir vaxtda efirə gedib. Hazırda əhatəli atəşkəs yoxdur. Bu il mayın 16-sı və iyunun 2-si İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında iki raund danışıqlar münaqişənin dayandırılması istiqamətində heç bir ciddi irəliləyiş yaratmayıb. İstanbul danışıqları nəticəsində əsir mübadiləsi baş tutsa da, tərəflər sülhə aparan real nəticələr əldə edə bilməyib”.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini qismən ələ keçirib.
Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Rusiya sülh danışıqlarında Krım bölgəsini ümumiyyətlə müzakirə etmir, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tuta bilmədiyi ərazilərinin boşaldılması tələbi qoyur.
Mənbə: Kyivindependent.com