• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Tramp bunu bacaracaq” – “Fox News”

  • 30 İyun 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

“Prezident Donald Tramp sələflərinə bənzəmir”. Novator.az-ın məlumatına görə, “Foks Nyus” (“Fox News”) kanalının internet səhifəsində yerləşdirilmiş “Tramp İrana zərbəni ustalıqla endirdi. İndi onun sövdələşmək məharəti Yaxın Şərqdə yeni müharibənin qarşısını almaqda həlledici rola malikdir” başlıqlı məqalədə belə deyilir.

Məqalənin müəllifi amerikalı tarixçi və siyasətşünas, mühafizəkar dairələrə yaxınlığı ilə seçilən “İrs Fondu” Analitik Mərkəzinin rəhbəri Kevin Robertsdir. O yazır ki, Donald Tramp illər uzunu ABŞ prezidentləri ilə oyun oynamış düşmən Tehran rejiminə qarşı dərhal hərəkətə keçdi, İrana atom bombasına yiyələnmək imkanı verməyəcəyi vədinə sadiq qalaraq qətiyyətli qərar qəbul etdi: nüvə təsisatları bombalansın.

Kevin Roberts qeyd edir ki, əməliyyat uğurla başa çatıb, Amerikanın cəsur hərbçiləri İranın nüvə obyektlərini sıradan çıxarıb sağ-salamat geri dönüblər: “İndi növbə sövdələşmə məharətinindir. İsraillə İran arasında 12 günlük savaşdan sonra yaranmış kövrək atəşkəsi qorumaq və ən başlıcası, ABŞ-ın Yaxın Şərqdə sonsuz müharibələrə sürüklənməsinə heç vaxt imkan verməyəcəyi vədini yerinə yetirmək üçün Donald Trampın əlinə öz sövdələşmə məharətini, danışıq aparmaq ustalığını bir daha realizə etmək fürsəti düşüb.

Amma çağdaş tarixi təcrübə göstərir ki, bu, göründüyü qədər asan iş deyil. “Soyuq müharibə” başa çatandan ta Trampın hakimiyyətə gəldiyi ilk dövrə qədər ABŞ-ın bütün prezidentləri dünya boyu üzücü münaqişələr içində çapalayıb. Onlar müharibə aparmağı bacarsalar da, savaşı sülhlə bitirməyin yolunu tapa bilməyiblər”.

Məqalədə bu kontekstdə xüsusilə 2001-ci ilin 11 sentyabrında ABŞ-da törədilmiş terror aktlarından sonra prezident Corc Buşun yürütdüyü siyasət misal çəkilir. Bildirilir ki, Corc Buş Əfqanıstandakı terror yuvalarını məhv etməklə kifayətlənməyib İraqa da qoşun yeritdi, prezident Səddam Hüseyni devirdi, eyni zamanda “dövlət quruculuğu” vədi ilə Əfqanıstanda qoşunların dislokasiya müddətini uzatdı.

Kevin Roberts yazır ki, o zaman amerikalıların 70 faizindən çoxu, Respublikaçılar Partiyası üzvlərinin isə demək olar 90 faizi Corc Buşun bu tədbirlərini dəstəkləyirdi: “Lakin çox keçmədən məzhəb kabusu İraqı bürüdü, bölgədə yığıb-yığışdırılması mümkün olmayan bir qarışıqlıq düşdü, minlərlə hərbçi həlak oldu. Müharibə Buş administrasiyasını tamam ağuşuna aldı, Respublikaçılar Partiyasının xarici siyasət kursuna inam itdi, üstəlik, İŞİD kimi terrorçu qruplaşmaların ortaya çıxmasına zəmin yarandı. Əfqanıstanda “ədalətli müharibə” kimi qələmə verilən proses iflasa uğradı, neçə-neçə imperiyanı məzarlığa gömmüş bu ölkədə liberal demokratiya qurmaq xülyası sərt reallıqla toqquşdu.

Amerikanın İraq və Əfqanıstan təcrübəsi mənim də xarici siyasətə baxışımı dəyişdi. O dərəcədə dəyişdi ki, prezident Barak Obama Liviyaya hərbi müdaxiləyə əmr verəndə birmənalı şəkildə bu fəlakətli qərarın əleyhinə çıxdım. Öz partiyalarının quru vədlərindən cana doymuş milyonlarla mühafizəkar seçici də eyni mövqedə idi. Onlar xalqın gerçək maraqlarına köklənmiş yeni milli təhlükəsizlik strategiyası istəyirdilər.

Məhz buna görə İraqda müharibənin qatı əleyhdarı olan Donald Tramp 2016-cı ildə prezidentliyə namizədliyini irəli sürəndə həmin seçicilər onun ətrafında birləşdilər. Prezidentliyinin ilk dövründə Tramp seçicilərin etimadını doğrultdu, beynəlxalq miqyasda məharətlə sövdələşməyə getməyin nəyə qadir olduğunu əyani surətdə sübuta yetirdi.

Bəli, Tramp heç də “sülh göyərçini” deyil. O, Əfqanıstana Amerikanın qeyri-nüvə arsenalında olan ən ağır bombasını atıb, İŞİD-i amansızcasına məhv edib, İranın ən mühüm generallarından Qasım Süleymanini aradan götürüb. Amma Tramp heç vaxt imkan verməyib ki, bu sərt əməliyyatlar sonsuz münaqişəyə çevrilsin, Yaxın Şərqdə cərəyan edən proseslər diqqəti Amerikanın milli mənafelərindən – sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, qanunsuz miqrantların deportasiya olunması, müttəfiq ölkələrin NATO-nun büdcəsinə əlavə vəsait ayırması, ABŞ-ın əsas düşməni olan Çinlə mübarizə aparılması kimi prioritet məsələlərdən yayındırsın.

Şübhəsiz, indiki İsrail-İran qarşıdurması Trampın birinci prezidentliyi dövründə regionda müşahidə olunmuş münaqişələrdən daha ciddi və ağırdır. ABŞ-ın bu münaqişədə iştirakı da daha aşkar, həm də daha risklidir. Onu vaxtında cilovlamağı, İran rejimini atom bombasına yiyələnmək imkanından məhrum etmək missiyasını yerinə yetirə-yetirə həm də bu missiyanın rejimin dəyişdirilməsi kimi yanlış istiqamətlərə baş alıb getməsinə imkan verməməyi bacaran müdrik və qətiyyətli bir lider olmasa, münaqişə irimiqyaslı müharibəyə çevrilə bilər.

Tramp belə yerdə lazımdır, bu əsl Tramplıq işdir. Əfqanıstandakı biabırçı kapitulyasiyadan, Cozef Baydenin prezidentliyi dövründə günü-gündən dərinləşən Ukrayna müharibəsindən usanmış milyonlarla amerikalı 2024-cü ilin noyabrında Trampın yenidən Ağ evə qayıtmasına elə bundan ötrü səs verib.

Tramp dünyada yeganə liderdir ki, iki vacib işi eyni vaxtda görməyi – bir tərəfdən Amerika xalqının təhlükəsizliyini təmin edən cəsarətli əməliyyatlara əl atmağı, o biri tərəfdən Amerikanın Yaxın Şərqdə növbəti bataqlığa düşməsinə imkan verməməyi bacarır.

Əgər indi o, ölkəni müharibədən qıraq saxlaya-saxlaya diqqəti doğum səviyyəsinin azalması, təhsil sisteminin böhranı və başqa bu kimi daxili problemlərə də yönəldə bilsə, çağdaş Amerika tarixində ən böyük uğurlardan birinə imza atmış olacaq.

Mən əminəm ki, Tramp bunu bacaracaq. Niyə? Ona görə ki, Tramp sələflərinə bənzəmir. O, ideologiyaların əsiri deyil. Ayrı-ayrı maraq dairələri onu satın ala bilməyib. O, sövdələşmələrini Amerika xalqının mənafeyi naminə bağlayan bir dövlət xadimidir”.

İranı nüvə silahı hazırlamaq niyyətində ittiham edən İsrail 2025-ci il iyunun 13-dən bu ölkəyə qarşı kəskin hərbi hava və raket hücumları aparıb. İyunun 22-də ABŞ da hava hücumlarına qoşulub, İranın əsas nüvə təsisatlarına zərbələr endirilib. İyunun 23-də atəşkəs razılığına gəlinib.

2017-2021-ci illərdə ABŞ-a prezidentlik eləmiş Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır. O, Respublikaçılar Partiyasının üzvüdür.

Mənbə: Foxnews.com

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldır...

  • 30 İyun 2025
  • comments

Qurultay davası payıza qaldı

  • 30 İyun 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın artım və azalma statistikası

GLOBALS:0
comments
ManşetTribuna

Oxunduqca yazılan roman

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın artım və azalma statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda