Almaniya Üçün Alternativ Partiyasının qadağan olunması təşəbbüsü qaldırılıb. Novator.az-ın məlumatına görə, hökumət ortağı olan Sosial Demokrat Partiyası ana müxalifət sayılan Almaniya Üçün Alternativ Partiyasının antikonstitusion fəaliyyəti barədə sübutlar toplayıb Konstitusiya Məhkəməsinə üz tutmaq qərarına gəlib.
2013-cü ildə yaradılmış Almaniya Üçün Alternativ Partiyası millətçi baxışları, mühacirlərə, xüsusən müsəlmanlara sərt münasibəti, Avropa İttifaqına qarşı çıxması ilə tanınır. Qurum 630 nəfərlik parlamentdə (Bundestaq) 151 mandatla təmsil olunur. May ayında Konstitusiyanı Müdafiə Federal İdarəsi Almaniya Üçün Alternativ Partiyasını sağ ekstremist təşkilat kimi təsnif edib.
Sosial Demokrat Partiyasının təşəbbüsü hökumətin əsas qüvvəsi olan Xristian Demokrat və Xristian Sosial ittifaqlarının ürəyincə deyil. Xristian Demokrat İttifaqının lideri, kansler (hökumət başçısı) Fridrix Merts hesab edir ki, fəaliyyətinə qadağa qoyulması Almaniya Üçün Alternativ Partiyasını daha da gücləndirə bilər.
Bu il fevralın 23-də keçirilmiş parlament seçkisini udan Xristian Demokrat və Xristian Sosial ittifaqları Bundestaqda çoxluğu təmin etmək üçün Sosial Demokrat Partiyası ilə koalisiyaya girib. Yeni hökumət mayın 6-da qurulub. Hakim koalisiyanın Bundestaqda ümumilikdə 328 mandatı var.
Parlamentdə Almaniya Üçün Alternativ Partiyasından əlavə əsas müxalif qurumlar Yaşıllar Partiyası və Sol Partiyadır.
Mənbə: Zeit.de