Yanvar-may aylarında Azərbaycanda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hesabatı yayan Dövlət Statistika Komitəsi adambaşına ÜDM-i 4896,1 manat göstərir.
Rəsmi açıqlamaya əsasən, beş ayda sərmayə qoyuluşu 0,8 faiz, sənaye istehsalı 1,6 faiz azalıb, kənd təsərrüfatının ümumi məhsulu 1,5 faiz artıb, nəqliyyat sektorunda yük daşınması üzrə 3 faiz, sərnişin daşınması üzrə 5,9 faiz artım rəsmiləşib.
İnformasiya və rabitə xidmətlərinin həcminin 7,3 faiz artdığı vurğulanır.
Hesabata görə, mayda istehlak qiymətləri 2024-cü ilin eyni ayına nəzərən 6,3 faiz yüksəlib, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 7,8 faiz, qeyri-qida məhsulları 2,7 faiz, ödənişli xidmətlər 7,3 faiz bahalaşıb.
Mayın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1100,6 manata çatıb. Bu iqtisadi fəaliyyət növlərində orta maaş daha yüksək olub: mədən sənayesi – 3820,5 manat; maliyyə və sığorta fəaliyyəti – 3290,8 manat; informasiya və rabitə – 1895,8 manat; peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1876,8 manat; nəqliyyat və anbar təsərrüfatı – 1574,3 manat; dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1441,3 manat; daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1301,9 manat; tikinti – 1150,8 manat; elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1101,8 manat.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycan yanvar-may aylarında 161 ölkə ilə ticarət əməliyyatı aparıb, ixrac 11 milyard dolları, idxal 9,9 milyard dolları ötüb. İxracın 6 faizə yaxını MDB ölkələrinə, 71 faizindən çoxu Avropa İttifaqı ölkələrinə, 22 faizindən çoxu başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 27 faizdən, Avropa İttifaqının payı 12 faizdən, başqa ölkələrin payı 60 faizdən çox olub, ticarət dövriyyəsində və ixracda əsas tərəfdaş qismində İtaliya, idxalda əsas tərəfdaş kimi Çin qərar tutub.
Qonşu ölkələrlə ticarət göstəriciləri belə rəsmiləşib: Türkiyə – 1,4 milyard dollar ixrac, 1 milyard 12,7 milyon dollar idxal; Rusiya – 445,6 milyon dollar ixrac, 1,7 milyard dollar idxal; Gürcüstan – 278,8 milyon dollar ixrac, 51,4 milyon dollar idxal; Qazaxıstan – 45,01 milyon dollar ixrac, 422,6 milyon dollar idxal; Türkmənistan – 19,2 milyon dollar ixrac, 99,2 milyon dollar idxal; İran – 6,08 milyon dollar ixrac, 251,8 milyon dollar idxal.