Argentinanın Milli Kəşfiyyat Xidməti beş Rusiya vətəndaşını casusluqda şübhəli bilir. Novator.az-ın məlumatına görə, ölkə prezidentinin mətbuat katibi Manuel Adorni bəyan edib ki, söhbət həmin şəxslərin Rusiyanın “geosiyasi maraqlarına” yönələn fəaliyyətindən gedir.
Rusiya vətəndaşlarının yerli sakinlərlə sıx əlaqələr qurduğu, sosial şəbəkələrdə kontent yaradaraq yaydığı, yerli QHT-lərə təsir göstərdiyi, fokus qruplar vasitəsilə Rusiya maraqları üçün yararlı siyasi məlumatlar topladığı bildirilir.
Manuel Adorni şəbəkəyə Lev Andriaşvilinin rəhbərlik etdiyini, yerli agentlərlə əlaqələrə, maliyyələşməyə onun cavabdeh olduğunu vurğulayıb. Açıqlamada Lev Andriaşvilinin həyat yoldaşı İrina Yakovenkonun da adı keçib.
İddiaya görə, casuslar şirkət qiyafəli qurumun tərkibində fəaliyyət göstərib, həmin strukturun isə Yevgeni Priqojinin internetdə yalan məlumatlar yayan şəbəkəsi ilə əlaqələri olub.
1961-ci ildə indiki Sankt-Peterburq şəhərində doğulan Yevgeni Priqojin 1980-ci illərdə müxtəlif ittihamlarla həbsdə yatıb, 1990-cı ildən xırda bizneslə məşğul olub, sonradan böyük mağazalar və restoranlar şəbəkəsi qurub, həmçinin inşaat sahəsində fəaliyyət göstərib.
1990-cı illərin əvvəllərindən Yevgeni Priqojinin Rusiyanın indiki prezidenti Vladimir Putinlə yaxınlığı başlayıb, sonra bu yaxınlıq dostluğa, müttəfiqliyə çevrilib.
Rusiya-Ukrayna müharibəsində prezident Vladimir Putinin arxalandığı əsas qüvvələrdən biri Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” özəl hərbi birləşməsi olub.
2022-ci ilin sonlarında Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi arasında münasibətlər pisləşib. 2023-cü il iyunun 24-nə keçən gecə Yevgeni Priqojin hərbi qiyam qaldırıb, ancaq tezliklə geri çəkilib. Avqustun 23-də o, şəxsi təyyarəsində qəzaya düşərək həlak olub.
Argentina prezidentinin mətbuat katibi Manuel Adorni əlavə edib ki, ölkədə ifşa olunmuş strukturun məqsədi Rusiyanın maraqlarına sadiq şəxslərdən ibarət şəbəkə yaradaraq Argentinaya qarşı dezinformasiya və təsir kampaniyaları həyata keçirmək olub. O, şübhəli rusiyalıların saxlanıb-saxlanmadığını və hazırda Argentinada olub-olmadıqlarını açıqlamayıb.
Rusiyanın Argentinadakı səfirliyi Lev Andriaşvili və İrina Yakovenkonun konsulluqda qeydiyyatda olmadıqlarını bəyan edib, onların hüquqi statusunun aydınlaşdırılması üçün Argentina Xarici İşlər Nazirliyinə nota göndərildiyini açıqlayıb. Səfirlik casus iddialarını “Rusiya əleyhdarlarının iki ölkə arasında münasibətləri pozmaq cəhdi” adlandırıb.
Mənbə: Thetimes.com