İsrailin İrana qarşı iyunun 13-də başlayan kəskin hərbi hücumları dalğasında “rejim dəyişikliyi” çağırışları da güclənir. ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu İran İslam Respublikasının dövlət başçısı – ali lider Əli Xamneyinin hədəfə alındığı fikrini açıq dilə gətirirlər.
Novator.az-ın məlumatına görə, ABŞ-ın CNN kanalının internet səhifəsində yerləşdirilmiş yazıda bildirilir ki, İran ABŞ-ın dəstəklədiyi rejim dəyişikliyini bir dəfə dadıb, o müdaxilənin nəticələri bu günə qədər silinməyib: “1953-cü ildə ABŞ Böyük Britaniya ilə birgə İranın demokratik yolla seçilmiş baş naziri Məhəmməd Müsəddiqi devirmək üçün çevriliş təşkil etdi. Müsəddiq ölkənin neft yataqlarını milliləşdirmək niyyətində idi. Bu, ABŞ və Böyük Britaniyanın maraqlarına təhlükə hesab olunurdu, çünki hər iki dövlət Yaxın Şərq neftindən asılı idi.
Neft sənayesinin ələ alınması, yəni milliləşdirmə İranda geniş xalq dəstəyi qazanmışdı, amma bu proses Qərbin maraqlarına uyğun gəlmirdi, ona görə də general Fəzlulla Zahidini baş nazir postuna gətirmək istəyirdilər.
Çevrilişdən öncə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Böyük Britaniyanın gizli kəşfiyyat xidməti Müsəddiqə qarşı kampaniya təşkil etdi, saxta məlumatlar, media manipulyasiyaları və təxribatlar vasitəsilə cəmiyyətdə narazılığı artırdılar.
1953-cü ilin yayında ABŞ və Britaniya Müsəddiq əleyhinə qüvvələri birləşdirdi, paytaxt Tehranda geniş etiraz aksiyaları təşkil olundu və prosesə ordu da qoşuldu”.
Fəzlulla Zahidi
Məqalədə rəsmi sənədlərə istinadla bildirilir ki, çevrilişdən cəmi iki gün sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi yeni baş nazir Fəzlulla Zahidiyə sabitlik yaratmaq üçün gizli şəkildə 5 milyon dollar ayırıb: “ABŞ-ın bu çevrilişdəki rolu illərlə inkar edilsə də, 2013-cü ildə yayılan məxfi sənədlər Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatda birbaşa iştirakını təsdiqlədi. Əslində bu, yeni məlumat deyildi: 2009-cu ildə prezident Barak Obama da ABŞ-ın 1953-cü il çevrilişində iştirak etdiyini açıq etiraf etmişdi.
Müsəddiq devrildikdən sonra ABŞ İran şahını var qüvvəsi ilə dəstəkləməyə başladı. Ancaq ölkədə xarici müdaxiləyə qarşı nifrət dərinləşdi və antiamerikan ovqat on illərlə davam etdi.
Şah rejiminin son günləri. 16 yanvar 1979-cu il
1970-ci illərin sonunda milyonlarla iranlı küçələrə çıxaraq ABŞ-ın yaxın müttəfiqi olan şah rejiminə üsyan qaldırdı. Dünyəvi qüvvələr avtoritar idarəçiliyə, islamçılar isə qərbyönlü modernləşmə siyasətinə qarşı çıxırdı. 1979-cu ildə baş vermiş islam inqilabı şah rejiminin sonunu gətirdi. Bununla da Qərbin dəstəklədiyi monarxiya süquta uğradı və İran islam respublikasına çevrildi. Həmin klerikal rejim indiyədək ölkəyə rəhbərlik edir”.
Mənbə: CNN.com