İsraillə İran arasında qarşılıqlı hava zərbələri davam edir. İsrail tərəfi bildirir ki, İranın Fordo şəhəri yaxınlığındakı yeraltı nüvə təsisatının vurulması Tel-Əvivin iyunun 13-dən başlatdığı hərbi əməliyyatda qarşıya qoyduğu məqsədə – Tehranın nüvə proqramının məhvinə nail olmaq üçün mühüm əhəmiyyət daşıyır.
Novator.az-ın məlumatına görə, ABŞ-ın “Assoşieyted Press” (“Associated Press”) agentliyinin internet səhifəsində yerləşdirilmiş “Bunker əleyhinə bomba və İranın Fordodakı nüvə təsisatı haqqında bilməli olduqlarımız” adlı məqalədə deyilir ki, uranın zənginləşdirilməsi prosesinin həyata keçirildiyi Fordo kompleksini vurmağın, – nüvə başlıqlı raketlə zərbə endirilməsi və ya xüsusi təyinatlıların quru əməliyyatına başlaması kimi variantları qırağa qoysaq, – bir real yolu var: bunker əleyhinə bombanı işə salmaq: “Söhbət ABŞ ordusunun arsenalındakı GBU-57 A/B tipli aviasiya bombasından gedir. Bu bomba isə yalnız ABŞ Hərbi Hava Qüvvələrində olan təyyarədən atıla bilər”.
Məqalədə deyilir ki, GBU-57 A/B bombası 13,6 ton ağırlığındadır: “Yüksək dəqiqliklə idarə oluna bilir. Yerin altında dəmir-beton konstruksiyalarla möhkəmləndirilmiş obyektləri yarıb keçir. Düşdüyü yerdə 60 metr dərinliyində dəlik açır. Eyni yerə dalbadal atılsa, açdığı dəlik daha enli və daha dərin olur. Başlığı adi döyüş başlığıdır, yəni GBU-57 A/B nüvə başlıqlı bir raket deyil”.
Beynəlxalq Atom Enerjisi Agentliyinə istinadla Fordoda yüksək dərəcədə zənginləşdirilmiş uranın olduğuna diqqət çəkən “Assoşieyted Press” yazır: “Bu, obyektin bunker əleyhinə bomba ilə vurulmasının ətrafa radioaktiv maddələr yaya biləcəyi ehtimalına əsas verir. İsrail iyunun 13-dən başladığı hava zərbələrində İranın Nətənz şəhəri yaxınlığındakı nüvə təsisatına da atəş açıb. Beynəlxalq Atom Enerjisi Agentliyi nəticədə bu nüvə kompleksində kiçik həcmdə radioaktiv maddələrin sızdığını, çirklənmənin obyektdən kənara çıxmadığını, yəni ətraf mühitə yayılmadığını xəbər verib”.
Məqalədə vurğulanır ki, Fordo İranın Nətənzdən sonra ikinci ən mühüm nüvə məkanıdır: “Fordodakı kompleks Nətənzdəkindən kiçik olsa da, daha dərin qatda yerləşir. Torpaq laylarının, sal qayaların altında, təxminən 80 metr dərinlikdədir. Kompleks Qum şəhərinə də yaxındır. İnşasına 2006-cı ildə başlanıb. 2009-cu ildən fəaliyyət göstərir. Yerləşdiyi ərazi İran və Rusiya istehsalı olan zenit-raket sistemləri ilə qorunur. Lakin güman edilir ki, İsrailin bir neçə gündür davam edən hərbi hücumları artıq həmin sistemləri sıradan çıxarıb”.
“Assoşieyted Press” qeyd edir ki, nəzəri cəhətdən GBU-57 A/B bombası onu daşımaq gücündə olan istənilən bombardmançı təyyarədən buraxıla bilər: “Amma faktiki olaraq bu bombanı daşıyıb atmağa yalnız ABŞ-ın “B-2 Spirit” təyyarəsi qadirdir. Radarlara çətin düşən bu təyyarə GBU-57 A/B bombasından istifadəyə uyğunlaşdırılıb, konfiqurasiya olunub, proqramlaşdırılıb”.
Məqalədə deyilir ki, “B-2 Spirit”lərdən təkcə ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında var: “Yəni ABŞ bu təyyarələri başqa ölkəyə verməyib. “B-2 Spirit”ləri istehsal edən “Northrop Grumman” şirkətinin məlumatına görə, təyyarə 18 tonluq yükü rahat götürə bilir. ABŞ Hərbi Hava Qüvvələri isə bəyan edib ki, iki ədəd GBU-57 A/B bombası ilə təchiz olunmuş “B-2 Spirit” təyyarəsini uğurla sınaqdan keçirib. İki ədəd GBU-57 A/B bombası 27 ton yük deməkdir.
Uzaq məsafə üçün nəzərdə tutulmuş strateji “B-2 Spirit” təyyarəsi, istehsalçı şirkətin məlumatına görə, “birnəfəsə” 11 min kilometr məsafə qət edə bilir. Bundan sonra bir dəfə əlavə yanacaq doldurulsa, “ikinci nəfəsdə” daha 7 min kilometr uça bilər. Təyyarənin bir neçə saata dünyanın istənilən nöqtəsinə çatmağa qadir olduğu vurğulanır”.
Bəs Fordodakı nüvə təsisatına zərbə endiriləcəkmi? Belə bir qərar verilərsə, ABŞ ciddi geosiyasi nəticələr doğura biləcək bu işdə İsrailə yardım göstərəcəkmi? ABŞ-ın yardımı olmadan İsrail Fordo kompleksini vura bilərmi? “Assoşieyted Press”in məqaləsində bu sualların açıq qaldığı qeyd olunur.
Mənbə: Apnews.com