İsraillə İran arasında qanlı qaşıdurmanın beşinci günüdür. İsrailin “Yerusəlim Post” qəzeti yazır ki, bu savaşda bir tendensiya çox aydın sezilir: İran İsrailə raketləri əsasən qaranlıq düşəndə atır.
Novator.az-ın məlumatına görə, “Yerusəlim Post” bildirir ki, bu, təsadüfi deyil: “Raketlərin qaranlıqda atılması bir yandan onların buraxıldığı zaman və məkanı – raketin buraxıldığı yeri və infrastrukturu məxfi saxlamaq məqsədi daşıyırsa, o biri yandan da bu, texniki göstəricilərin doğurduğu bir məcburiyyət və psixoloji müharibə strategiyası – xof, vahimə yaratmaq cəhdidir”.
Qəzet qeyd edir ki, təyyarələrdən fərqli olaraq raketləri atmosferdəki oksigenin ümidinə buraxmaq mümkün deyil: “Çünki ballistik raketlər atmosferdə oksigenin ya az olduğu, ya da heç olmadığı yüksəkliyə qalxır. Atmosferin həmin yüksək qatlarındakı oksigen çatışmazlığı isə raketin yanacağını söndürə bilər. Ona görə də raket göydə sönməməsi üçün zəruri olan hər şeyi, o cümlədən oksidləşdirici maddəni özü ilə daşımalıdır”.
Texniki nöqteyi-nəzərdən raketlərin iki qrupa – maye yanacaqla və bərk yanacaqla işləyən raketlərə bölündüyünü vurğulayan “Yerusəlim Post”un bildirdiyinə görə, İranın “Şahab” tipli uzaqmənzilli raketləri bir qayda olaraq maye yanacaqla işləyir: “Bu raketlərin iki çəni olur, birinə yanacaq, o birinə oksidləşdirici maddə doldurulur. Çənlərin doldurulması həm vaxt aparan, həm də təhlükəli prosesdir. Maye yanacaqla işləyən raketlər üçün yerin üstündə sabit, hərəkətsiz buraxılış məntəqəsi olmalı, burada bütöv bir dəstə onun qulluğunda durmalı, raketə texniki xidmət göstərməli, raketi buraxmaq qərarı veriləndə onun çənlərini doldurmağa başlamalıdır.
Məhz bu xüsusiyyəti maye yanacaqla işləyən raketlərin zəif nöqtəsidir. Çünki peykdən, kəşfiyyat təyyarələrindən həmin hazırlıq prosesini görmək mümkündür. Ona görə də İran maye yanacaqla işləyən raketlərini gecələr atır. Məqsəd yerüstü məntəqələrdə raketlərin buraxılışa hazırlanması prosesini qaranlıqda gizlətmək, düşmənin prosesi vaxtında aşkarlamasına, onun qarşısını almaq üçün hərəkətə keçməsinə imkan verməməkdir.
İranın “Fateh-110” və “Zülfüqar” tipli yaxın və orta mənzilli raketləri isə bərk yanacaqla işləyir. Bu raketlərin içində yanacaq və oksidləşdirici maddə əvvəlcədən bərkimiş formada yerləşdirildiyindən buraxılışa tam hazır vəziyyətdə olur. Belə raketləri hərəkət edən qurğulardan buraxmaq mümkündür, çünki onları buraxılış anında yanacaqla doldurmağa ehtiyac yoxdur. Bu səbəbdən bərk yanacaqla işləyən raketlər qəfil hücumlar üçün daha əlverişli sayılır.
Ancaq belə raketlərin də bir çatışmazlığı var: qurğunu işə saldınsa raketi buraxmalısan, prosesi dayandırmaq mümkün deyil. Üstəlik, bu raketlərin sürətini tənzimləmək olmur”.
Beləliklə, “Yerusəlim Post” yazır ki, İranın raketləri gecə buraxması texnoloji məhdudiyyətlərə, əməliyyat imkanlarına, raketlərin buraxılış məntəqlərini, qurğularını kəşfiyyat müşahidəsindən gizlədib salamat saxlamağa hesablanmış hərbi taktikadır. Qəzet vurğulayır ki, burada psixoloji müharibə elementləri də yer alır: “Raketlər hətta hədəfə dəyməyəndə də qorxu yarada bilir. Ona görə çağdaş müharibələrdə hücumun vaxtı raketin özü qədər vacib məsələ sayılır”.
Mənbə: Jpost.com