Latviyanın Dövlət Təhlükəsizliyi Xidmətində ölkə parlamentinin (Seym) deputatı Aleksey Roslikovla bağlı təhqiqata başlanıb.
Novator.az Latviya İctimai Teleradiosunun internet səhifəsinə istinadla xəbər verir ki, deputat etnik nifaq salmaq cəhdində və Rusiyanın Latviya əleyhinə apardığı fəaliyyətə dəstək verməkdə şübhəli bilinir.
Əsas kimi Roslikovun iyunun 5-i Seymin iclasında müzakirəyə qoyulan “Ruslaşdırmanın nəticələrinin aradan qaldırılması haqqında bəyannamə”nin layihəsini tənqid edərkən verdiyi açıqlamalar götürülür.
“Ruslaşdırmanın nəticələrinin aradan qaldırılması haqqında bəyannamə” layihəsi sovet dövründə Latviyada latış dilinin statusunu zəiflətmək niyyəti güdmüş ruslaşdırma siyasətinin nəticələrini aradan qaldırmağı hədəfləyir və bununla bağlı bir sıra öhdəlikləri müəyyənləşdirir. Layihədə ictimai məkanlarda rus dilindən istifadənin məhdudlaşdırılması üçün addımların atılması təklifləri də yer alır.
Parlamentdə müzakirə zamanı Roslikov bəyannamə layihəsinin iclasın gündəliyinə salınmasına qarşı çıxıb. Üstəlik, parlament tribunasından latış dilində söylədiyi nitqini rus dilində “Biz çoxuq və bizim dilimiz rus dilidir” deməklə və Seymin digər deputatlarına qolu ilə iki dəfə ədəbsiz jest göstərməklə yekunlaşdırıb, bundan sonra nümayişkaranə surətdə tribunanı tərk edib.
Deputatlar onun iclasda iştirakını davam etdirməsinə imkan verməyiblər. 63 deputatın səsi ilə Aleksey Roslikov zaldan çıxarılıb və onun parlament müzakirələrində iştirakına bir günlük yasaq qoyulub.
Roslikov ilk dəfə deyil latviyalılara meydan oxuyur. Dövlət Təhlükəsizliyi Xidmətində indiyədək bir neçə dəfə onunla profilaktik söhbət aparılıb, deputata qanun qarşısında məsuliyyəti barədə xəbərdarlıqlar edilib.
İyunun 5-dəki iclasdan sonra isə Aleksey Roslikovla bağlı rəsmi şəkildə təhqiqata başlanıb.
“Ruslaşdırmanın nəticələrinin aradan qaldırılması haqqında bəyannamə” layihəsinə gəlincə, parlament layihəni qəbul etməyib. Layihə yenidən işlənməsi üçün Seymin təhsil, mədəniyyət və elm komitəsinə qaytarılıb.
Aleksey Roslikov “Sabitlik!” adlı partiyanın lideridir. Bu partiya 2022-ci ilin parlament seçkisində seçicilərin 7 faizinin səsini toplayıb. 2025-ci ildə Riqa Şəhər Bələdiyyəsinə seçkilər zamanı isə “Sabitlik!” paytaxt sakinlərinin 6,94 faizinin səsini qazana bilib.
Bu populist partiyanın əsas elektoratı rusdilli seçicilərdir. 2024-cü ilin sonunda Roslikov Ukraynanın işğal olunmuş Krım bölgəsi ilə bağlı sualı cavablandırarkən belə deyib: “Krım 2014-cü ilə qədər Ukraynanın bir hissəsi idi. İndi isə Rusiyanındır. Ümumiyyətlə bir latviyalı kimi xaricdə nə baş verdiyi məni maraqlandırmır. Məni maraqlandıran Latviyadır”.
Mənbə: Lsm.lv