Yanvar-aprel aylarında Azərbaycanda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hesabatı yayan Dövlət Statistika Komitəsi adambaşına ÜDM-i 3841,8 manat göstərir.
Rəsmi məlumatda qeyd olunur ki, investisiyalar 4,6 faiz, sənaye istehsalı 2,2 faiz azalıb.
Açıqlamaya görə, yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb, alınan mallara xərclənən vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının payına düşüb.
Apreldə istehlak qiymətlərinin 2024-cü ilin eyni ayına nəzərən 6,3 faiz artdığı, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının, eləcə də ödənişli xidmətlərin 7,6 faiz, qeyri-qida məhsullarının 2,7 faiz bahalaşdığı bildirilir.