UEFA Avropa Liqasının 2024-2025 mövsümünün liqa raundunda Azərbaycan təmsilçisi “Qarabağ”a rəqib olmuş “Tottenhem” (İngiltərə) komandası finala çıxıb. Bu, yeddinci belə haldır. Avropa Liqasının 2014-2015 mövsümündəki rəqib – “Dnepr” (Ukrayna) finalda oynayıb; Çempionlar Liqasının 2017-2018 mövsümündəki rəqib – “Atletiko” (İspaniya) Avropa Liqasına ələnərək turnirin qalibi olub; Avropa Liqasının 2018-2019 mövsümündəki rəqib – “Arsenal” (İngiltərə) finala çıxıb; Avropa Liqasının 2019-2020 mövsümündəki rəqib – “Sevilya” (İspaniya) kuboku başı üzərinə qaldırıb; Avropa Liqasının 2020-2021 mövsümündəki rəqib – “Vilyarreal” (İspaniya) turnirin qalibi olub; Avropa Liqasının 2023-2024 mövsümündəki rəqib – “Bayer” (Almaniya) finalda yer alıb.
1951-ci ildə Ağdam şəhərində yaradılan “Qarabağ” (“Məhsul”, “Şəfəq” və “Kooperator” adları da daşıyıb) 1 dəfə Azərbaycan SSR-in, 12 dəfə müstəqil Azərbaycanın çempionu olub, 8 dəfə Azərbaycan kubokunu qazanıb.
Komanda 11 mövsüm UEFA-nın klub turnirlərinin əsas mərhələlərində yarışıb, iki mövsüm Konfrans Liqasının 1/16 finalına, bir mövsüm Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.
2025-2026 mövsümündə Çempionlar Liqasına vəsiqə almış “Qarabağ” çempionlar yolunun ikinci təsnifat mərhələsində start götürür.