25 ildir Azərbaycanın Mərkəzi Seçki Komissiyasına (MSK) eyni şəxs sədrlik edir: Məzahir Pənahov. O, 2000-ci il mayın 19-da MSK üzvü təyin edilib, ardınca sədr kürsüsünə oturub.
İndiki qanunvericiliyə görə, prezident, parlament, bələdiyyə seçkilərinin, həmçinin referendumların hazırlanmasına və keçirilməsinə məsul MSK-da 6 yeri parlamentdəki çoxluq partiyasının, 6 yeri azlıq partiyalarının, 6 yeri partiyasız deputatların təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis 5 il müddətinə seçir. Sədrin seçimi MSK üzvlərinin səlahiyyətindədir. MSK-da hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi olan Məzahir Pənahov sonuncu dəfə 2021-ci il aprelin 27-də qurumun sədri seçilib.
1951-ci il təvəllüdlü Məzahir Pənahov fizika-riyaziyyat elmləri doktoru, professordur. “Şöhrət” və “Şərəf” ordenləri laureatıdır. Onun sədrliyi dövründə Azərbaycanda 3 referendum, 5 prezident seçkisi, 6 parlament seçkisi, 5 bələdiyyə seçkiləri keçirilib.
2002-ci il avqustun 24-ü, 2009-cu il martın 18-i və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlarda konstitusiyaya dəyişikliklər edilib.
2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də, 2024-cü il fevralın 7-də prezident seçkiləri olub.
2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də, 2020-ci il fevralın 9-da, 2024-cü il sentyabrın 1-də parlament seçkiləri keçirilib.
Bələdiyyə seçkiləri bu tarixlərdə gerçəkləşib: 17 dekabr 2004-cü il, 23 dekabr 2009-cu il, 23 dekabr 2014-cü il, 23 dekabr 2019-cu il, 29 yanvar 2025-ci il.