Almaniyada yeni hökumətin qurulması başa çatıb. Mayın 6-da parlament Xristian Demokrat İttifaqının lideri Fridrix Mertsi hökumət başçısı – kansler seçib, ardınca prezident Frank-Valter Ştaynmayer kabinet üzvlərini təyin edib.
Hökuməti 630 nəfərlik Bundestaqda ümumilikdə 328 mandatı olan Xristian Demokrat və Xristian Sosial ittifaqları ilə Sosial Demokrat Partiyası formalaşdırıb. Bu il fevralın 23-də keçirilmiş parlament seçkisini udan Xristian Demokrat və Xristian Sosial ittifaqları Bundestaqda çoxluğu təmin etmək üçün Sosial Demokrat Partiyası ilə koalisiyaya girib.
1955-ci il təvəllüdlü Fridrix Merts 1972-ci ildən Xristian Demokrat İttifaqının üzvüdür, 2022-ci il yanvarın 31-də partiya lideri seçilib.
Parlamentdə əsas müxalif qurumlar Almaniya Üçün Alternativ Partiyası, Yaşıllar Partiyası və Sol Partiyadır.