Azərbaycan milli futbol çempionatının yüksək dəstəsində (premyer liqa) 2024-2025 mövsümünün qalibi müəyyənləşib: “Qarabağ” sona 4 oyun qalmış zirvəni təmin edib. Bu, Ağdam təmsilçisinin 12-ci çempionluğudur. 1992-ci ildən başlayaraq milli çempionatda daha 7 komanda qızıl medallara sahib çıxıb: “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) 2, “Turan” (Tovuz) və “Xəzər Lənkəran” 1 dəfə çempion olub.
1951-ci ildə yaradılan “Qarabağ” komandasının (“Məhsul”, “Şəfəq” və “Kooperator” adları da daşıyıb) aktivində 1 Azərbaycan SSR çempionluğu, 8 Azərbaycan kuboku da var.
2008-ci ildən komandaya Qurban Qurbanov baş məşqçilik edir. 1972-ci il təvəllüdlü Qurban Qurbanov Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarının və Azərbaycanın milli komandasının hücumçusu olub, “İnter”də idman direktoru, “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub.
Qurban Qurbanov 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayınadək Azərbaycan milli komandasının da sükanı arxasında dayanıb.
“Qarabağ” 11 mövsüm UEFA-nın klub turnirlərinin əsas mərhələlərində yarışıb.
2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020, 2020-2021 mövsümlərinə “Qarabağ” Çempionlar Liqasında start verib, Avropa Liqasına adlayaraq qrup mərhələsində mübarizə aparıb.
2017-2018 mövsümündə komanda Çempionlar Liqasının qrup mərhələsində oynayıb.
2021-2022-ci il mövsümünə Konfrans Liqasında başlayan “Qarabağ” 1/16 finalda büdrəyib.
2022-2023 mövsümünə Çempionlar Liqasında başlayan “Qarabağ” əvvəl Avropa Liqasına, sonra Konfrans Liqasına adlayıb, 1/16 finalda uduzub.
2023-2024 mövsümünə Çempionlar Liqasında start verən “Qarabağ” Avropa Liqasına keçərək 1/8 finala qədər irəliləyib.
Komanda 2024-2025 mövsümünə Çempionlar Liqasında başlayaraq Avropa Liqasına köçüb, liqa mərhələsində ələnib.