Dövlət Statistika Komitəsi makroiqtisadi hesabat yayıb. Rəsmi məlumata görə, yanvar-mart aylarında Azərbaycanda kənd təsərrüfatı məhsulu 2024-cü ilin ilk rübü ilə müqayisədə 1,9 faiz artıb (heyvandarlıq məhsulları istehsalı 1,2 faiz, bitkiçilik məhsulları istehsalı 13 faiz).
Nəqliyyat sektorunda yük daşınması üzrə artım 2,3 faiz, sərnişin daşınması üzrə 4,2 faiz göstərilir.
Qeyd olunur ki, informasiya və rabitə xidmətlərinin həcmində 7,7 faiz, ictimai iaşə dövriyyəsində real ifadədə 17,6 faiz, ödənişli xidmətlərin dəyərində real ifadədə 9,4 faiz yüksəliş olub.
Əhalinin gəlirlərinin 6,6 faiz artdığı, üç ayda dövlət büdcəsinə 9 milyard 733,4 milyon manatın daxil olduğu, büdcədən 8 milyard 115 milyon manatın xərcləndiyi bildirilir.
Aprelin 1-nə 5 milyon 32,8 min nəfər məşğul şəxsin, 231,2 min nəfər işsizin qeydə alındığı xəbər verilir.
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi isə bildirir ki, yanvar-mart aylarında bölgədə ümumi daxili məhsul istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb. Sənayedə 9,2 faiz tənəzzülün, sərməyə qoyuluşunda 42,3 faiz, kənd təsərrüfatında 0,7 faiz, yük daşınmasında 1,1 faiz, sərnişin daşınmasında 1 faiz, informasiya və rabitə xidmətlərinin dəyərində 11,9 faiz, pərakəndə ticarət dövriyyəsində 2,7 faiz, əhalinin banklardakı əmanətlərinin məbləğində 53,6 faiz, xarici ticarət dövriyyəsində 10,2 faiz, ödənişli xidmətlərin dəyərində 9,6 faiz artımın qeydə alındığı vurğulanır.
Qeyd olunur ki, martın 1-nə muxtar respublikada orta aylıq nominal əməkhaqqı 774,5 manata çatıb.