9 hakimdən ibarət Konstitusiya Məhkəməsinin tərkibi qismən yenilənib: Fərhad Abdullayev (sədr), Sona Salmanova (sədr müavini), Ceyhun Qaracayev, Fikrət Məmmədov, Humay Əfəndiyeva, Xanlar Vəliyev, İsa Nəcəfov, Kamran Şəfiyev, Rövşən İsmayılov.
Prezidentin təqdimatı əsasında Milli Məclisin 15 il müddətinə təyin etdiyi hakimlər 75 yaşa qədər vəzifədə ola bilər. 75 yaşına çatmış hakim yeni hakim təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifədə qalır.
Sədrin və sədr müavininin təyinatı prezidentin səlahiyyətindədir.
Seçkilərdə iştirak etmək hüquqlu, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola bilər.
1998-ci il iyulun 14-də yaradılmış Konstitusiya Məhkəməsi qanunların, prezidentin fərman və sərəncamlarının, Milli Məclisin qərarlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının konstitusiyaya uyğunluğu; prezidentin fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının qanunlara uyğunluğu; Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının prezidentin fərmanlarına uyğunluğu; Ali Məhkəmənin qərarlarının konstitusiyaya və qanunlara uyğunluğu; bələdiyyə aktlarının konstitusiyaya, qanunlara, prezidentin fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də bölgə konstitusiyasına, qanunlarına və yerli Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu; Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin konstitusiyaya uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin konstitusiyaya və qanunlara uyğunluğu; Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, bölgənin Nazirlər Kabinetinin qərarlarının Azərbaycan qanunlarına, prezidentin fərmanlarına və Azərbaycanın Nazirlər Kabinetinin qərarlarına uyğunluğu üzrə məsələlərin; qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həllinə məsuldur, həmçinin Azərbaycan Konstitusiyasını və qanunlarını şərh edir.
Vətəndaşlar qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə şikayət verə bilər.
Konstitusiya Məhkəməsi Bakıda, Gənclər Meydanı, 1 ünvanında yerləşır.