2017-ci ildə yenilənmiş Türkiyə Konstitusiyası prezident və parlament seçkilərinin beş ildən bir eyni gündə keçirilməsini hökm edir. Sonuncu qoşa seçki 14 may 2023-cü ildə olub, parlament formalaşıb, prezident seçkisi ikinci turda – mayın 28-də tamamlanıb.
Bəs növbədənkənar seçki mexanizmi necədir?
Parlamentin – 600 nəfərlik Türkiyə Böyük Millət Məclisinin 360 səslə növbədənkənar seçkiyə qərar vermək hüququ var. Bu halda parlament və prezident seçkiləri birgə keçirilməlidir.
Növbədənkənar seçkiyə prezidentin qərar verməsi halında da qoşa seçki qaydası tətbiq olunur.
2018-ci ildən prezident həm dövlət, həm də hökumət başçısıdır. Heç kim iki dəfədən artıq prezident seçilə bilməz.
Prezident kürsüsünün boşalması halında 45 gün ərzində növbədənkənar seçki keçirilməlidir. Növbədənkənar seçki Türkiyə Böyük Millət Məclisinin səlahiyyət müddətinin bitməsinə bir il və daha az qalmış baş verərsə, eyni zamanda parlament yenilənməlidir. Əks halda növbədənkənar seçkidə seçilmiş prezidentin səlahiyyəti parlamentin səlahiyyət müddəti ilə məhdudlaşır, amma onun daha iki dəfə namizəd olmaq hüququ yaranır.
Hazırda prezident kürsüsünü Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Teyyub Ərdoğan tutur. 1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazirlik edib, 2014 və 2018-ci illərdə prezident seçilib. İki dəfədən artıq seçilməyə məhdudiyyət 2018-ci ildən hesablandığı üçün Rəcəb Teyyub Ərdoğan 2023-cü ildə də prezident mandatı alıb.
Növbədənkənar seçkiyə parlamentin qərar verməsi halında Rəcəb Teyyub Ərdoğan bir daha prezidentliyə namizəd ola bilər.
Prezident seçilməyə müddət tələbinin ümumiyyətlə götürülməsi üçün konstitusiya dəyişməlidir. Bunun üçün Türkiyə Böyük Millət Məclisinin 400 üzvünün səsi tələb olunur. Məsələ 360 səslə referenduma da çıxarıla bilər.
Türkiyədə növbədənkənar seçki ehtimalı martın üçüncü ongünlüyündə, ana müxalifət qurumunun – Cümhuriyyət Xalq Partiyasının üzvü Əkrəm İmamoğlunun həbsi fonunda gündəmə gəlib.
1970-ci il təvəllüdlü Əkrəm İmamoğlu İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib. 2019 və 2024-cü illərdə İstanbul böyük şəhər bələdiyyəsinin başçısı seçilib. 2025-ci ildə Cümhuriyyət Xalq Partiyası onu prezidentliyə namizədi elan etmək qərarına gəlib, martın 23-nə ümumpartiya səsverməsi təyin olunub.
Martın 18-də İstanbul Universiteti Əkrəm İmamoğlunun ali təhsil diplomunun geri alınması qərarı verib, martın 19-da Əkrəm İmamoğlu müxtəlif ağır cinayətlər üzrə həbs dalğası çərçivəsində tutulub, martın 23-də bələdiyyə başçısı postundan götürülüb. Bu, Türkiyədə kəskin etirazlara, kütləvi aksiyalara səbəb olub. Martın 23-də ölkə boyu təşkil edilən ümumpartiya səsverməsinə başqa siyasi qüvvələr və ictimaiyyət təmsilçiləri də qatılıb, Əkrəm İmamoğlu ümumilikdə 15,4 milyondan çox səs alıb. Martın 27-də Cümhuriyyət Xalq Partiyası onu rəsmən prezidentliyə namizədi elan edib.
Cümhuriyyət Xalq Partiyası martın 30-dan Əkrəm İmamoğlunun azadlığa buraxılması və növbədənkənar seçkilər tələbi ilə imza toplayır.
Konstitusiyaya görə, 40 yaşına çatmış ali təhsilli Türkiyə vətəndaşı prezidentliyə namizəd ola bilər.
Türkiyə Böyük Millət Məclisinin hazırda 593 üzvü var. Ədalət və İnkişaf Partiyası parlamentdə 272, onun əsas müttəfiqi – Milliyyətçi Hərəkat Partiyası 47 mandatla təmsil olunur.
Cümhuriyyət Xalq Partiyasının 134, kürdlərə bağlı Xalqların Bərabərlik və Demokratiya Partiyasının 57, milliyyətçi Yaxşı Partiyanın 28 mandatı var.
Qalan mandatlar başqa siyasi qüvvələr və müstəqillər arasında bölünür.