Türkiyənin ana müxalifət qurumu – Cümhuriyyət Xalq Partiyası martın 23-də Əkrəm İmamoğlunu prezidentliyə namizəd seçib. Ölkə boyu təşkil edilən ümumpartiya səsverməsinə başqa siyasi qüvvələr və ictimaiyyət təmsilçiləri də qatılıblar. İlkin hesabata görə, Əkrəm İmamoğlu ümumilikdə 14,8 milyondan çox səs alıb.
1970-ci il təvəllüdlü Əkrəm İmamoğlu İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib. 2008-ci ildən Cümhuriyyət Xalq Partiyasının üzvüdür. 2014-cü ildə İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə başçısı, 2019 və 2024-cü illərdə İstanbul böyük şəhər bələdiyyəsinin başçısı seçilib.
2025-ci il martın 18-də İstanbul Universiteti Əkrəm İmamoğlunun ali təhsil diplomunun geri alınması qərarı verib, martın 19-da Əkrəm İmamoğlu müxtəlif ağır cinayətlər üzrə həbs dalğası çərçivəsində tutulub, martın 23-də bələdiyyə başçısı postundan götürülüb. Bu basqılar Türkiyədə kəskin etirazlara, kütləvi aksiyalara səbəb olub.
Türkiyədə növbəti prezident seçkisi 2028-ci ilin mayında keçirilməlidir, amma erkən seçki də istisna olunmur.
Hazırda prezident kürsüsündə Rəcəb Teyyub Ərdoğan əyləşir. 1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan siyasətə 1976-cı ildə qoşulub. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb. 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını yaradıb. 2003-cü ildən baş nazirlik edib, 2014, 2018 və 2023-cü illərdə prezident seçilib.
2018-ci ildən Türkiyədə prezident həm dövlət, həm də hökumət başçısıdır. Konstitusiyaya görə, 40 yaşına çatmış ali təhsilli Türkiyə vətəndaşı prezidentliyə namizəd ola bilər.
Cümhuriyyət Xalq Partiyası Ədalət və İnkişaf Partiyasının əsas rəqibidir. Türkiyə parlamentində mandatların dörddə birinə sahib olan partiya 2024-cü ilin bələdiyyə seçkilərinin qalibidir.