UEFA-nın klub turnirlərində 2024-2025 mövsümü 1/4 final mərhələsinə çatıb: Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 8 komanda qalır. İngiltərənin 5, İspaniyanın 4, İtaliya və Almaniyanın 3, Fransa və Polşanın 2, Norveç, Avstriya, Şotlandiya, İsveç və Sloveniyanın 1 təmsilçisi mübarizəni davam etdirir.
Çempionlar Liqasının finalı mayın 31-nə (Münhen), Avropa Liqasının finalı mayın 21-nə (Bilbao), Konfrans Liqasının finalı mayın 28-nə (Vrotslav) təyin olunub.
Avropa Liqasının 1/4 finalında liqa raundunda Azərbaycanın “Qarabağ” komandasına rəqib olmuş 3 komanda var: “Tottenhem” (İngiltərə), “Lion” (Fransa), “Bode-Qlimt” (Norveç).
“Qarabağ” 11 dəfə UEFA turnirlərinin əsas mərhələsində yarışıb. 6 mövsümdə onunla oynamış komanda finala çıxıb: Avropa Liqasının 2014-2015 mövsümündə “Qarabağ”la eyni qrupda yarışmış “Dnepr” (Ukrayna) finalda oynayıb; Çempionlar Liqasının 2017-2018 mövsümündə “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atletiko” (İspaniya) Avropa Liqasına ələnərək turnirin qalibi olub; Avropa Liqasının 2018-2019 mövsümündə “Qarabağ”la eyni qrupda oynamış “Arsenal” (İngiltərə) komandası finala çıxıb; Avropa Liqasının 2019-2020 mövsümündə “Qarabağ”la eyni qrupda yer almış “Sevilya” (İspaniya) kuboku başı üzərinə qaldırıb; Avropa Liqasının 2020-2021 mövsümündə “Qarabağ”la eyni qrupda oynamış İspaniya “Vilyarreal”ı turnirin qalibi olub; Avropa Liqasının 2023-2024 mövsümündə “Qarabağ”a həm qrupda, həm də 1/8 finalda rəqib olmuş “Bayer” (Almaniya) finalda yer alıb.
Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 30-cu pillədədir. Reytinq turnirlərin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 2,875 əmsal qazanıb.
1955-ci ildən keçirilən, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund) və “Mançester Siti” 1 titula sahibdir.
1971-ci ildən keçirilən, 2008-ci ilədək UEFA kuboku adlanmış Avropa Liqasında “Sevilya” 7, “Liverpul”, “Yuventus”, “İnter” (İtaliya) və “Atletiko” 3, “Tottenhem”, “Feyenoord”, “Borussiya” (Mönhenqladbah), “Ayntraxt” (Frankfurt), “Höteborq”, “Real”, “Parma”, “Portu” və “Çelsi” 2, PSV, “İpsviç”, “Anderlext”, “Bayer”, “Napoli”, “Ayaks”, “Bavariya”, “Şalke”, “Qalatasaray”, “Valensiya”, SSKA (Rusiya), “Zenit”, “Şaxtyor” (Ukrayna), “Mançester Yunayted”, “Vilyarreal” və “Atalanta” 1 uğur qazanıb.
2021-ci ildən keçirilən Konfrans Liqasını “Roma”, “Vest Hem” və “Olimpiakos” 1 dəfə udub.