Bakı Ağır Cinayətlər Məhkəməsi sabiq deputat Hüseyn Abdullayevin yeni mühakiməsini bitirib. Fevralın 27-də keçirilən iclasda məhbusa 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Sabiq deputat cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmada təqsirli bilinib. Bu ittiham ona 2024-cü ilin martında, həbsdə olarkən irəli sürülüb.
1967-ci il təvəllüdlü Hüseyn Abdullayev hakimiyyətə bağlı iş adamı kimi tanınıb. 2005-ci ildə parlamentin deputatı seçilib. Milli Məclisin 16 mart 2007-ci il iclasında onun deputat Fəzail Ağamalı ilə davası düşüb. Martın 19-da Milli Məclis Hüseyn Abdullayevin deputat toxunulmazlığını ləğv edib. Ona xuliqanlıq və döymə ittihamları ilə cinayət işi qaldırılıb. Həmin gün Hüseyn Abdullayev həbs edilib. Mayın 18-də 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alan Hüseyn Abdullayev azadlığa buraxılıb, ardınca deputatlıqdan məhrum edilib.
2012-ci ildə Hüseyn Abdullayev Almaniyaya mühacirət edib və hakimiyyətə qarşı sərt çıxışlara başlayıb. 2013-cü ildə Azərbaycanda Hüseyn Abdullayevə vergidən yayınma ittihamı ilə cinayət işi başlanıb və o, beynəlxalq axtarışa verilib. 2016-cı ildə ona qanunsuz sahibkarlıq, 2018-ci ildə dələduzluq və hədə-qorxu ilə tələb etmə ittihamları da irəli sürülüb.
2018-ci il aprelin 22-də sabiq deputat Türkiyədə tutularaq ölkəyə gətirilib. 2019-cu il oktyabrın 1-də Hüseyn Abdullayevə 6 il azadlıqdan məhrumetmə cəzası verilib. Azadlığa çıxmağına az qalmış sabiq deputat yenidən cinayət məsuliyyətinə cəlb olunub.