Xətai Rayon Məhkəməsi fevralın 26-da jurnalist Şahnaz Bəylərqızını həbsdən ev dustaqlığına buraxıb. Toplum.tv-nin əməkdaşı olmuş Şahnaz Bəylərqızı fevralın 5-də tutulmuşdu.
Qanun ev dustağı üçün yaşayış yerini, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək kimi vəzifələr qoyur.
2024-cü il martın 6-da Toplum.tv informasiya resursu, III Respublika Platforması və Demokratik Təşəbbüslər İnstitutuna bağlı bəzi şəxslər tutulub. Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, Toplum.tv-dən Əli Zeynal, İlkin Əmrahov, Müşfiq Cabbar, Ramil Babayev barəsində həbs, Fərid İsmayılov və Elmir Abbasov barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Martın 8-də Toplum.tv-nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının üzvü Ruslan İzzətli də tutulub.
2025-ci il yanvarın 17-də Fərid İsmayılov həbs edilib.
İlkin ittiham kimi qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi rəsmiləşib. Sonradan bu ittihamlar irəli sürülüb: əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi; mütəşəkkil dəstənin qaçaqmalçılıq törətməsi; xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq; cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmaq; mütəşəkkil dəstənin xeyli miqdarda vergiləri ödəməkdən yayınması.
Azərbaycanda daha bir qrup jurnalist və ictimai fəala analoji və oxşar ittihamlar irəli sürülüb.
“Abzas Media” saytının direktoru Ülvi Həsənli və köməkçisi Məhəmməd Kekalov 2023-cü il noyabrın 20-də, baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-də, əməkdaşı Nərgiz Absalamova noyabrın 30-da, bu media qurumu ilə əməkdaşlıq edən jurnalist Hafiz Babalı dekabrın 13-də tutulub.
2024-cü il yanvarın 13-də “Abzas Media”nın əməkdaşı Elnarə Qasımova, aprelin 18-də Meclis.info saytının rəhbəri İmran Əliyev, aprelin 29-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli, mayın 30-da iqtisadçı Fərid Mehralızadə həbs edilib.
İstintaq qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı ilə başlayıb, İmran Əliyevə təkrar qaçaqmalçılıq ittihamı da verilib, sonradan ittiham mütəşəkkil dəstənin qaçaqmalçılıq törətməsi ittihamına dəyişdirilib və yeni ittihamlar irəli sürülüb: mütəşəkkil dəstənin qanunsuz sahibkarlığı; mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırması; mütəşəkkil dəstənin xeyli miqdarda vergiləri ödəməkdən yayınması; rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma; bilə-bilə saxta sənədlərdən istifadə etmə.
2023-cü il noyabrın 27-də həbs edilən “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucova əvvəlcə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti aparma ittihamı verilib, sonra işə qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı əlavə edilib. “Kanal 13”lə əməkdaşlıq edən jurnalist Şamo Eminov 2023-cü il dekabrın 22-də bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı ilə tutulub.
2024-cü il dekabrın 12-də Əziz Orucovun üzərində yalnız ilk ittihamın saxlandığı bəyan olunub, dekabrın 29-da isə Şamo Eminov sərbəst buraxılıb. 2025-ci il fevralın 26-da Əziz Orucova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
2024-cü il dekabrın 6-da müstəqil jurnalist Ramin Deko və Meydan.tv portalının əməkdaşları Natiq Cavadlı, Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, eləcə də vətəndaş Ülvi Tahirov, 2025-ci il fevralın 4-də Arqument.az saytının baş redaktoru Şəmşad Ağa qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı ilə tutulub.